Türkiyənin COP31-ə ev sahibliyi çərçivəsində avqustun 27–dən sentyabrın 1-dək İstanbulun Demokratiya və Azadlıqlar adasında “NextGenCOP30.5: İqlim Zirvəsi və Gənclər Diplomatiyası Simulyasiyası” proqramı keçiriləcək.
1xeber.media xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Cemre Fondu və İstanbul Texniki Universitetinin əməkdaşlığı ilə təşkil olunan tədbirdə 200 gənc iştirak edəcək. Proqramın açılışını avqustun 28-də COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum edəcək.
Oxford və Kembric kimi nüfuzlu universitetlərin tələbələrinin də iştirak edəcəyi proqram çərçivəsində gənclər iqlim maliyyələşməsi və buna uyğunlaşma kimi məsələlər üzrə danışıqlar aparacaqlar. Onlar BMT-nin iqlim diplomatiyası prosesini praktiki şəkildə təcrübədən keçirərək, yekunda “Antalya Sazişi” adlı sənəd hazırlayacaq və qəbul edəcəklər.
Tədbir çərçivəsində “Mavi zona” və “Yaşıl zona” fəaliyyətləri təşkil olunacaq. İqlimyönümlü 10 startap layihələrini nümayiş etdirəcək.
Proqramda Türkiyənin “Sıfır Tullantı” yanaşmasına uyğun olaraq birdəfəlik plastikdən istifadəyə qadağa tətbiq ediləcək, rəqəmsal sənədlərdən istifadə olunacaq və iştirakçıların yaxa kartları toxumlu kağızdan hazırlanacaq.
Avqustun 31-də bağlanış mərasimindən sonra qlobal istiləşmənin 1,5 dərəcə həddinə diqqət çəkmək məqsədilə adada “1,5 dərəcə isti hədəfini yaxın tut” şüarı ilə məşəlli yürüş keçiriləcək.
Qeyd edək ki, Türkiyənin ev sahibliyi edəcəyi COP31 noyabrın 9–dan 20-dək Antalyada keçiriləcək. “NextGenCOP30.5” proqramının əsas məqsədi gənclərin iqlim diplomatiyasında yalnız iştirakçı deyil, həm də fikir irəli sürən, danışıqlar aparan, konsensus axtaran və həll yolları təklif edən fəal tərəf kimi iştirakını gücləndirməkdir.