Вернуться назад Распечатать

Azərbaycan-Özbəkistan əməkdaşlığı gələcəyin enerji xəritəsini formalaşdırır ŞƏRH

İmzalanan sənədlərin məzmunu, müzakirə olunan layihələrin istiqamətləri və iki ölkənin qarşılıqlı əməkdaşlığa verdiyi siyasi məna göstərir ki, rəsmi Bakı və rəsmi Daşkənd arasında münasibətlər artıq klassik ikitərəfli diplomatiya çərçivəsindən çıxaraq daha böyük regional prosesin tərkib hissəsinə çevrilib. Burada söhbət iki dövlətin yaxınlaşmasından daha böyük, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasından gedir. Azərbaycan və Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması bu baxımdan yalnız siyasi münasibətlərin yüksək səviyyəsini təsdiqləyən sənəd deyil. Əslində, bu sənəd son illərdə yaranan siyasi etimadın institusional çərçivəyə salınmasıdır.

Bu fikirləri açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, Ali Dövlətlərarası Şuranın fəaliyyəti, 2030-cu ilədək qarşılıqlı ticarətin bir milyard dollara çatdırılması hədəfi, investisiya və ticarət üzrə fəaliyyət planları, enerji, mədənçilik, kənd təsərrüfatı, bankçılıq, turizm, təhsil və digər sahələrdə yeni layihələr münasibətlərin artıq siyasi bəyanatlar səviyyəsindən çıxaraq real iqtisadi mexanizmlərlə möhkəmləndiyini göstərir. “Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında münasibətlərin davamlılığını yalnız siyasi yaxınlıq müəyyən etmir. Əsl davamlılıq ticarət yollarının, investisiya zəncirlərinin, enerji sistemlərinin, texnoloji əməkdaşlığın və insan kapitalının bir-birinə bağlanması ilə yaranır. Azərbaycanın və Özbəkistanın bugünkü münasibətlərində məhz belə çoxqatlı model formalaşır. Bu modelin mərkəzində iki xalq arasındakı dostluq və qardaşlıq aspektindən başqa həm də iki dövlətin yerləşdiyi regionların imkanları dayanır. Belə ki, Özbəkistan Mərkəzi Asiyanın ən mühüm dövlətlərindən biridir. Azərbaycan isə Xəzər vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən əsas coğrafi həlqələrdən biridir. Buna görə Bakı və Daşkənd münasibətlərinin dərinləşməsi sadəcə iki ölkə arasında ticarətin artması demək deyil. Bu, Mərkəzi Asiyanın qərbə çıxış imkanlarının genişlənməsi, Cənubi Qafqazın isə Mərkəzi Asiyanın iqtisadi sisteminə daha dərindən daxil olması deməkdir. Məhz bu nöqtədə Orta Dəhlizin əhəmiyyəti xüsusi olaraq ortaya çıxır. Dünyanın geoiqtisadi xəritəsi dəyişdikcə Şərq–Qərb ticarət marşrutlarının alternativləri strateji əhəmiyyət qazanır. Ənənəvi marşrutlardan asılılığın azaldılması, təchizat zəncirlərinin diversifikasiyası və yük axınlarının daha dayanıqlı istiqamətlərə yönəldilməsi Azərbaycanı yeni Avrasiya iqtisadiyyatında daha mühüm mövqeyə çıxarır. Özbəkistan üçün Azərbaycan bu baxımdan sadəcə Xəzərin qərb sahilində yerləşən qonşu tərəfdaş deyil, həmçinin Özbəkistanın Türkiyə və Avropa bazarlarına çıxışının strateji logistik həlqəsidir. Azərbaycan üçün isə Özbəkistan Mərkəzi Asiyanın dərinliklərinə açılan mühüm iqtisadi qapıdır. Bu qarşılıqlı maraq münasibətlərin geoiqtisadi əsasını təşkil edir”, - deyə Mətbuat Şurası İdarə Heyətinin üzvü bildirib.

Enerji sahəsində də oxşar transformasiyanın mümkün olduğunu diqqətə çatdıran Y.Hacıyeva deyib: “Əgər əvvəlki dövrdə enerji geosiyasəti əsasən neft və qaz üzərindən qurulurdusa, qarşıdakı onilliklərdə elektrik enerjisi, bərpaolunan enerji, enerjisaxlama sistemləri, yaşıl hidrogen və rəqəmsal enerji infrastrukturu daha böyük əhəmiyyət daşıyacaq. Azərbaycanın və Özbəkistanın yaşıl enerji istiqamətində əməkdaşlığı buna görə sadəcə ekoloji layihə kimi qiymətləndirilməməlidir. Söhbət gələcəyin enerji xəritəsinin formalaşdırılmasında iştirakdan gedir. Bu baxımdan Mərkəzi Asiya–Azərbaycan-Avropa xətti gələcəkdə yalnız qaz və neftin deyil, elektrik enerjisinin və yaşıl enerjinin də hərəkət etdiyi yeni enerji məkanına çevrilə bilər. Ümumiyyətlə, uzunmüddətli perspektivdə bu əməkdaşlığın ən böyük nəticəsi Azərbaycanın və Özbəkistanın bir-birinin regional çəkisini artıran iki dövlətə çevrilməsidir. Bu gün Azərbaycan–Özbəkistan artıq xəritədə iki paytaxtı birləşdirən diplomatik xətt deyil. O, Mərkəzi Asiyanın iqtisadi potensialını Xəzər vasitəsilə Qafqaz, Türkiyə və Avropa ilə bağlayan, enerji və nəqliyyat marşrutlarını, investisiya və istehsal zəncirlərini, texnologiya və insan kapitalını bir araya gətirə biləcək yeni regional oxdur”.