Azərbaycanda tanınmış MSDIS HOLDING"in böyük məbləğdə vergi borcu üzə çıxıb.
1xeber.media Bizimesr.media -ya istinadla bildirir ki, "MSDIS HOLDING" MMC-nin (VÖEN 1505072121) vergi borcu 21 milyon 937,6 min manatdır.
Böyük vergi borcu olması və ödənişdəki çətinlik səbəbindən "MSDIS HOLDING"-in əmlakları satışa çıxarılıb. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hzoldinqə məxsus olan torpaq sahəsi və qeyri-yaşayış obyekti hərraca çıxarılıb.
Buraya İmişli rayonunda, Bəhramtəpə qəsəbəsində yerləşən 1 hektar 16 sot torpaq sahəsi, eləcə də Bakı şəhəri Nərimanov Rayonu, Xətai pr ev.34 ünvanında yerləşən 612 kvadratmetrlik qeyri-yaşayış obyekti aiddir.
Maraqlıdır ki, hər iki obyekt olduqca aşağı ilkin qiymətə – cəmi 58 min manata satışa çıxarılıb. Hərracda iştirak etmək istəyənlər əmlakın dəyərinin 5%-i həcmində – 2900 manat beh yatırmalıdırlar.
Qeyd edək ki, Bakıda, Abşeronda və bir çox başqa rayonlarda fəaliyyət göstərən “MS Oil” yanacaqdoldurma məntəqələri “MSDIS Holding”ə məxsusdur. Holdinqin rəhbəri Mirfəyyaz Nağıyevdir. «MS OIL» şirkətinin hüquqi ünvanı Bakı, Nərimanov rayonu, İsmayıl Hidayətzadə ev 20A m 51-dir. Maraqlıdır ki, yanacaqdoldurma məntəqələri satışa çıxarılmayıb.