Yay mövsümündə dəniz havası almaq və bir stəkan çay içmək üçün Dənizkənarı Milli Parka (Bulvar) üz tutan vətəndaşların qiymət "kabus"u bitmək bilmir. 1xeber.media xəbər verir ki,paytaxt sakini Şirin Cəfərinin sosial şəbəkədə etdiyi növbəti paylaşım Bulvardakı iaşə obyektlərində xidmət və qiymət siyasətinin vətəndaşın cibinə necə zərbə vurduğunu növbəti dəfə gündəmə gətirib.
"Maksimum 5 manat gözləyirdim, düz 11 manat yazdılar"
Şikayətçi bildirir ki, Bulvarda, məşhur "Mirvari" kafesinin yaxınlığında dəniz havası almaq və sadə çay içmək qərarına gəlib. Ofisiantın israrla "mürəbbəli, yoxsa şokoladlı?" sualına büdcəyə qənaət etmək məqsədilə "sadə çay olsun" cavabını verən vətəndaş, sonda qarşılaşdığı hesabla şoka düşüb. İçində maksimum 5 manatlıq ödəniş hazırlayan müştəriyə düz 11 manatlıq hesab təqdim olunub.
Vətəndaş başına gələn bu hadisəni yumoristik, həm də tənqidi dillə belə ifadə edib:
"Görünür, çaynikin yanında gətirdikləri o 2 dənə tikə qəndin hər birini hərracdan alıb hesaba vurublar. Sadə çaya 11 manat verdımsə, mürəbbəli istəsəydim yəqin pasportumu girov götürərdilər. Bulvarda çay içmək: 5% çay, 95% 'dəniz mənzərəsi vergisi'."
Bulvarda qiymət özbaşınalığı: "Məcburi menyu" və gizli hesablar
Bu şikayət əslində Bulvarda illərdir davam edən köhnə bir problemin hələ də həll olunmadığını göstərir. Kafeyə əyləşən müştəriyə öncədən menyu təqdim edilmir, qiymətlər gizlədilir və sadə çay sifariş verildiyi halda, yanında məcburi olaraq gətirilən şirniyyat və ya qənd bəhanə edilərək astronomik qiymətlər yazılır. Dövlət qurumlarının mütəmadi xəbərdarlıqlarına baxmayaraq, "Mirvari" və ətrafındakı obyektlərdə istehlakçıların hüquqları açıq-aşkar tapdalanmaqda davam edir.
Şirin Cəfərinin bu paylaşımı sosial şəbəkələrdə digər istifadəçilər tərəfindən də böyük dəstək alıb və yüzlərlə sakini analoji qiymət fırıldaqları ilə üzləşdiklərini bildiriblər. Bulvar İdarəsinin və aidiyyəti nəzarət qurumlarının bu cür süni qiymət artımı və "dəniz mənzərəsi vergisi" tətbiq edən iaşə obyektlərinə qarşı hansı tədbirləri görəcəyi isə maraq doğurur.