Вернуться назад Распечатать

Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığında yeni mərhələ: 1 milyard dollarlıq hədəf

 “Azərbaycan Prezidentinin Özbəkistana son səfəri iki ölkə arasında siyasi müttəfiqliyin iqtisadi məzmun baxımından da dərinləşdiyini göstərir. Səfər çərçivəsində 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üzrə proqramın və investisiya-ticarət layihələrini əhatə edən Yol Xəritəsinin qəbul edilməsi xüsusilə diqqət çəkir”. 

Bunu 1xeber.media-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

O deyib ki, bununla yanaşı tərəflər sənaye kooperasiyası, energetika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər:
“Əslində 1 milyard dollarlıq ticarət hədəfi sırf rəqəmsal göstərici kimi qiymətləndirilməməlidir. Burada əsas məsələ Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının bir-birini tamamlayan imkanlarından daha geniş istifadə etməkdir. Azərbaycan üçün Özbəkistan 36 milyondan çox əhalisi, sürətlə inkişaf edən sənayesi və Mərkəzi Asiyanın ən böyük istehlak bazarlarından biri kimi mühüm tərəfdaşdır. Özbəkistan üçün isə Azərbaycan Avropa bazarlarına və Transxəzər nəqliyyat marşrutlarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. İmzalanan sənədlərin Azərbaycan iqtisadiyyatına ən mühüm təsirlərindən biri qeyri-neft sektorunda yeni ixrac imkanlarının yaranması ola bilər. Energetika və kimya sənayesi ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, maşınqayırma, tikinti və maliyyə sahələrində birgə layihələrin genişlənməsi Azərbaycanın ixrac coğrafiyasının şaxələndirilməsinə xidmət edə bilər. Bu baxımdan söhbət yalnız Azərbaycanın Özbəkistana daha çox məhsul satmasından deyil, iki ölkənin üçüncü bazarlara birgə çıxışından da gedir”. 
O qeyd edib ki, sənaye kooperasiyası da ayrıca əhəmiyyət daşıyır:
“Azərbaycanda artıq Özbəkistan şirkətləri ilə avtomobil sənayesində əməkdaşlıq nümunələri formalaşıb. Yeni mərhələdə bu modelin digər istehsal sahələrinə yayılması Azərbaycanda əlavə istehsal, texnologiya transferi, yeni iş yerləri və yerli təchizat zəncirlərinin yaranmasına imkan verə bilər. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması isə 1 milyard dollarlıq hədəfin kifayət qədər real olduğunu göstərir. Digər mühüm məsələ nəqliyyat və logistika imkanlarıdır. Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin genişlənməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini də artırır. Özbəkistanın Azərbaycan üzərindən Qərb bazarlarına çıxışı genişləndikcə Bakı–Tbilisi–Qars və Xəzər üzərindən daşımaların həcmi arta bilər. Bu isə Azərbaycanın tranzit ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, liman, logistika, anbar və xidmət sektorlarına əlavə gəlir gətirə bilər. Ümumiyyətlə isə səfərin iqtisadi əhəmiyyəti 1 milyard dollarlıq ticarət göstəricisindən daha genişdir. Əsas strateji nəticə Azərbaycan və Özbəkistan arasında münasibətlərin istehsal, investisiya, logistika və texnologiya əməkdaşlığına keçidin sürətlənməsidir. Şübhə yoxdur ki, imzalanan Yol Xəritəsində nəzərdə tutulan layihələrin icrası Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə, yeni ixrac bazarlarının əldə edilməsinə və ölkənin Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyasının dərinləşməsinə ciddi töhfə verəcək”. 

Aysel Elnur