“Azərbaycan və Özbəkistan arasında əldə olunan razılaşmalar, şübhəsiz ki, hər iki ölkənin iqtisadi inkişafına böyük töhfələr verəcək. Yəni Azərbaycan çox sürətli şəkildə Özbəkistan iqtisadiyyatına investisiyalar yatırır. Azərbaycan Beynəlxalq Bankının Özbəkistanda bank sektoruna investisiya yatırması, SOCAR-ın Özbəkistanda pərakəndə satışla məşğul olması məsələsi və eyni zamanda Özbəkistanda artıq formalaşmağa başlayacaq “Sibriz” layihəsinin həyata keçirilməsi öz-özlüyündə, əlbəttə ki, ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir”.
Bu barədə politoloq Zeynal Əmrəliyev 1xeber.media-ya açıqlama verib.
O qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlər iki xətlə inkişaf edir:
“Birincisi, ikitərəfli münasibətlər çərçivəsində, ikinci məsələ isə ümumtürk dünyasında əməkdaşlıq fonunda münasibətlərin inkişafıdır ki, bu da hər iki ölkəyə sərf edən bir variantdır. Ümumilikdə, Özbəkistan Mərkəzi Asiyada Azərbaycanın əsas müttəfiqinə çevrilir. Nəzərə alaq ki, Özbəkistan Mərkəzi Asiyanın hazırda yüksələn gücüdür. Yəni çox yüksək səviyyədə, bütün sahələrdə demək olar ki, inkişaf strategiyasına qədəm qoyub Özbəkistan və bu da, əlbəttə ki, münasibətlərin inkişafına mühüm töhfə verir. Paralel şəkildə Özbəkistan da Azərbaycan iqtisadiyyatına çoxşaxəli iqtisadi yatırımlar edir və eyni zamanda işğaldan azad edilmiş ərazilərdə Özbəkistan aktiv şəkildə humanitar layihələrdə iştirak edir. Məsələn, Füzulidə Özbəkistan hökuməti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına orta məktəbin həyata keçirilməsi, eləcə də Özbəkistanın digər məsələlərlə bağlı Azərbaycanda tədbirlər həyata keçirməsi, paralel şəkildə Özbəkistanda Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda isə Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi məsələləri, bunlar kifayət qədər ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin dərinləşdiyini, münasibətlərin hərtərəfli şəkildə inkişaf etdiyini göstərir. Qarşıdakı dövrdə də Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da genişlənməsi, xüsusilə iqtisadi və investisiya layihələrinin sayının artması hər iki ölkənin inkişafına mühüm töhfə verəcək”.
Aysel Elnur