“Azərbaycan səfirliyinin qonaq evinin önündə törədilən təxribatın qarşısını orada keşik çəkən polis işçiləri, Rusiyanın hüquq-mühafizə orqanları almalı idilər. Bilmək lazımdır ki, bu cür təxribatlar münasibətlərə təsir edir. Azərbaycanın narazılığı tam və düzgündür. Ölkəmizin xarici dövlətlərin ərazisində yerləşən diplomatik nümayəndəliklərinin və onlara məxsus olan mülklərin mühafizəsi həmin dövlətin əsas vəzifələrindən biridir. Necə ki Azərbaycan öz ərazisində yerləşən diplomatik nümayəndəlikləri ən yüksək səviyyədə qoruyur, heç bir zaman onlara qarşı hər hansı təxribat törədilməsinə imkan vermir. Eyni münasibəti biz Rusiyadan da gözləyirik”.
1xeber.media xəbər verir ki,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, Rusiya və Azərbaycan arasında normal qonşuluq münasibətləri var: “Şübhəsiz ki, Rusiyada müəyyən qüvvələr bu münasibətləri pozmağa və kölgə salmağa çalışırlar. Rusiya tərəfi buna imkan verməməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin ciddi narahatlığını bir vətəndaş, parlament üzvü kimi bölüşürük. Bu məsələnin Rusiya tərəfindən tezliklə araşdırılmasını və günahkarların cəzalandırılmasını gözləyirik”.