ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ceffri Epşteynin Nyu-Yorkdakı mənzilinə gizli dinləmə qurğuları və kameralar yerləşdirməyə çalışan İsrail agentini saxlayıb.
1xeber.media xəbər verir ki, bunu Pulitser mükafatı laureatı, amerikalı araşdırmaçı jurnalist Seymur Herş “Substack” platformasındakı bloqunda yazıb.
Herşin məlumatına görə, agentə Nyu-Yorka gedərək açıq satışda olan dinləmə qurğuları və kameralar almaq, daha sonra onları Epşteynin mənzilindəki otaqlardan birinə gizli şəkildə yerləşdirmək tapşırılıb.
Jurnalist iddia edir ki, agent adi avadanlıqdan istifadə etməli olduğu halda, İsrailin “Mossad” kəşfiyyat xidmətində işləməyi öyrəndiyi yüksək texnologiyalı avadanlıqdan istifadə edib. Nəticədə əməliyyatın üstü açılıb və agent FTB tərəfindən saxlanılıb.
Herşin versiyasına görə, hadisədən sonra ABŞ xüsusi xidmət orqanları İsrailin Epşteynin müştərilərinin siyahısı və kompromat xarakterli materialların potensial əhəmiyyəti barədə məlumatlı olduğu qənaətinə gələ bilərdi.
Bununla yanaşı, jurnalistin mənbəsi Epşteynin FTB-yə hər hansı səs və ya videogörüntü təqdim edib-etmədiyini, həmçinin belə materialları İsrailə ötürüb-ötürmədiyini bilmədiyini qeyd edib.
Herş həmçinin Epşteynin FTB-nin məlumat mənbəyi ola biləcəyini iddia edib. Jurnalistin fikrincə, bu, onun uzun müddət ciddi hüquqi nəticələrdən yayınmasına kömək etmiş ola bilər.
Amerikalı jurnalist Epşteynin xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinin araşdırılması və hakimiyyətin açıqlamadığı materialların dərc edilməsi üçün ABŞ Konqresində hər iki partiyanın nümayəndələrindən ibarət komissiyanın yaradılmasına çağırıb.