“Prezident İlham Əliyevin timsalında Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ölkəmizlə bu coğrafiya arasında münasibətləri yeni mərhələyə keçirib. Özbəkistanla münasibətlərin dərinləşməsi də Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşmasının və bütövləşməsinin nəticəsidir”.
Bu barədə politoloq Xəqani Cəfərli 1xeber.media-ya açıqlamasında deyib ki, Azərbaycanla Mərkəzi Asiya respublikalarının hər biri arasında çox yaxşı münasibətlər Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasından əvvəl də mövcud idi:
“Azərbaycanın tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması ölkəmizin Mərkəzi Asiya ilə bütövləşməsini təmin etdiyi üçün bölgə ölkələri ilə münasibətlər də yeni mərhələyə keçib. Mərkəzi Asiya çox zəngin coğrafiyadır və Qərbdə bu bölgəyə Rusiyanı əvəz edə biləcək imkanlara malik region kimi baxmağa başlayıblar. Bu isə Azərbaycan üçün yeni imkanlar yaradacaq”.
O qeyd edib ki, Özbəkistan Mərkəzi Asiyanın iki ən böyük dövlətindən biridir:
“Buna görə də Özbəkistanla imzalanan müqavilələr və iki dövlətin həyata keçirməyi hədəflədiyi layihələr, heç şübhəsiz, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Əgər müzakirə olunan layihələr həyata keçirilərsə, bu, hər iki ölkənin iqtisadiyyatının inkişafına mühüm töhfə verər”.
Aysel