“Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ formalaşır. Qloballaşma və rəqəmsallaşma dövrünü yaşayırıq. Bu proses münasibətlərin yeni müstəviyə çıxmasını şərtləndirir. Müasir üsullar, modellər və idarəetmə sistemləri tətbiq olunacaq ki, iki ölkənin inteqrasiyasında yeni mexanizmlər daha effektiv nəticələr versin. Dünya iqtisadiyyatında böhran yaşanmasına baxmayaraq, rəqabət çox şiddətlidir. Hər iki tərəf investisiya fəallığını önə çəkirsə, bu, müəssisələrin, nazirliklərin tabeliyində olan birliklərin və dövlət korporasiyalarının sıx əlaqələr quraraq yeni çeşidlərin istehsalına başlamasına imkan verəcək”.
Bu fikirləri politoloq Tofiq Abbasov 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, burada aparıcı və həlledici rolu nəqliyyat-kommunikasiya sistemi oynayır:
“Azərbaycanla Özbəkistanın yerüstü əlaqələri inkişaf edir. Söhbət intermodal daşımaların, yəni quru, dəniz və yenidən quru daşımalarının inkişafından gedir. Azərbaycan bunun üçün münbit şərait yaradıb və öz hub sistemini inkişaf etdirib. Digər tərəfdən, Özbəkistan da yenidənqurma işləri aparır. Çindən Qırğızıstan vasitəsilə Özbəkistana uzanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikilir. Uzunluğu təxminən 500 kilometr olan bu layihə Çindən Avropaya qədər vahid nəqliyyat xəttinin formalaşmasına imkan verəcək. Bu prosesdə Azərbaycanın rolu böyükdür. Özbəkistan başa düşür ki, qərbə doğru açılan qapılar Azərbaycan vasitəsilə genişlənir. Azərbaycan isə həm tranzit ölkəsi, həm istehsalçı, həm də ixracatçı kimi yüksək göstəricilər nümayiş etdirir. Mövcud mexanizmlər həm Azərbaycanın, həm də tərəfdaşlarının maraqlarına xidmət edir. Bu gün biz strateji baxımdan müttəfiqlərə çevrilmişik. Dövlətlərarası inteqrasiya çərçivəsində daha yüksək səviyyədə tərəfdaşlıq qurulur. Təsadüfi deyil ki, əbədi dostluq münasibətlərini əks etdirən sənədə də imza atılıb. Dövlət başçıları tərəfindən imzalanan bu sənəd beynəlxalq aləmdə yeni göstərici kimi qiymətləndirilə bilər. Bir-birimizə olan etimadın doğruldulması göstərir ki, qarşılıqlı inam olduqda bütün məsələləri birgə səylərlə həll etmək mümkündür”.
O qeyd edib ki, 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması da mühüm addımdır:
“Fondun vəsaitinin 70 faizini Azərbaycan, 30 faizini isə Özbəkistan ödəyir. Lakin hesab edirəm ki, fond yaxın zamanda imkanlarını daha da genişləndirəcək. Çünki əsaslı və böyük layihələr üzərində işləyiriksə, investisiya fondunun daha genişmiqyaslı olması və layihələrin vaxtında maliyyələşdirilməsi vacibdir. Bu prosesdə qardaşlaşmış şəhərlərin və birbaşa əlaqə quran bölgələrin də özünəməxsus rolu olacaq. Məsələn, Buxara ilə Şəki arasında münasibətlərin inkişafı nəzərdə tutulur. Buxarada böyük ipək istehsalı müəssisələri fəaliyyət göstərir. Xarəzmdə və Ürgəncdə də ipəkçilik inkişaf edib. Bu əlaqələr Şəkidəki ipək istehsalı ilə bağlı yeni istehsal imkanlarının yaranmasına şərait yarada bilər. Bakı və Azərbaycanın digər şəhərləri ilə Özbəkistan şəhərləri arasında birbaşa əlaqələrin qurulması bürokratik maneələrin azalmasına imkan verəcək. Yerli orqanlar, idarəçilər, istehsalçılar və özəl biznes nümayəndələri birbaşa əlaqələr quraraq həm vaxta, həm də vəsaitə qənaət edə biləcəklər.
Bəzən sual yaranır ki, siyasi vektor daha vacibdir, yoxsa iqtisadi vektor? Onlar bir-biri ilə sıx bağlıdır və qarşılıqlı asılıdır. Lakin siyasi vektor bir addım öndədir. Çünki iqtisadi münasibətlərin çərçivələrini siyasi qərarlar müəyyən edir. Dövlət rəhbərlərinin dialoqu yüksələn xətt üzrə inkişaf edir və əməkdaşlığın çərçivələri genişlənir. Bu proses vergi siyasətindən idarəçiliyə, humanitar əməkdaşlıqdan digər sahələrə qədər geniş spektri əhatə edir. Öndə siyasi qətiyyət, onun ardınca iqtisadi fəallıq dayanır. Mədəniyyət və humanitar əməkdaşlıq isə iki xalqı bir-birinə daha da yaxınlaşdırır. Şaquli istiqamətdə inkişaf edən siyasi münasibətlər üfüqi əlaqələrin də canlanmasına şərait yaradır. İki ölkə arasındakı dostluq münasibətləri elə bir atmosfer formalaşdırıb ki, qarşıda ciddi maneələr olmayacaq. Yerli və mərkəzi orqanlar səviyyəsində inkişafın davam etdirilməsi ilə bağlı qərarlar qəbul edilib. Bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik”.
Aysel Muxtar