
1xeber.media xəbər verir ki, Çinin Hubei əyalətinin Kommunist Partiyası komitəsinin sabiq katibi Szyan Çaolyana 746 milyon yuandan (təxminən 111 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinərək ölüm hökmü çıxarılıb.
Nankin şəhərinin orta instansiya xalq məhkəməsi hökmün icrasını iki il müddətinə təxirə salıb. Bu müddət ərzində yeni qanun pozuntusu törətmədiyi halda ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilə bilər. Lakin onun cəzanın yüngülləşdirilməsi və şərti azadlığa buraxılması hüququ olmayacaq.
Məhkəmə müəyyən edib ki, Szyan Çaolyan 1995–2025-ci illərdə tutduğu vəzifələrdən istifadə edərək şirkətlərə və ayrı-ayrı şəxslərə kreditlərin alınması, dövlət müqavilələrinin əldə edilməsi, biznes fəaliyyəti və vəzifədə irəliləmək məsələlərində kömək göstərib. Bunun müqabilində 746 milyon yuandan çox qanunsuz əmlak əldə edib.
Bundan əlavə, sabiq məmur ömürlük siyasi hüquqlardan məhrum edilib və əmlakının müsadirə olunmasına qərar verilib.