1xeber.media xəbər verir ki, ABŞ-ın müharibə naziri Pit Heqset ölkənin yüzlərlə yüksək rütbəli hərbçisini Virciniyadakı Kuantiko dəniz piyadaları bazasında yenidən bir araya gətirməyi planlaşdırır.
The Wall Street Journal-ın məlumatına görə, görüşün ilin sonuna qədər keçirilməsi mümkündür. Toplantıda ABŞ Silahlı Qüvvələri ilə bağlı yeni tapşırıqların və gələcək fəaliyyət planlarının açıqlanacağı gözlənilir.
Tədbirin dəqiq tarixi hələ müəyyən edilməyib. Bütün fəaliyyətdə olan general və admiralların görüşdə iştirak edib-etməyəcəyi də məlum deyil. Pentaqon nümayəndəsi Coel Valdes bildirib ki, hazırda tədbirlə bağlı rəsmi açıqlana biləcək məlumat yoxdur.
ABŞ Prezidenti Donald Trampın görüşdə iştirak edib-etməyəcəyi də bəlli deyil.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında Kuantiko bazasında buna bənzər toplantı keçirilmişdi. Həmin vaxt ölkənin müxtəlif bölgələrindən yüksək rütbəli hərbçilər qısa müddətdə bazaya çağırılmış, görüşün səbəbləri əvvəlcədən açıqlanmamışdı. Toplantıda hərbçilərin döyüş hazırlığının artırılması və Pentaqonun fəaliyyətinin əsas istiqamətləri müzakirə edilmişdi.
Heqset daha əvvəl 2028-ci il prezident seçkilərində iştirak edəcəyi barədə yayılan məlumatları təkzib edib. O, əsas məqsədinin ABŞ-ın hərbi qurumunu “yenidən möhtəşəm etmək” olduğunu bildirib.