Вернуться назад Распечатать

Tofiq Zülfüqarovun istefasındakı sirlər açılır - Onu öldürmək istəyirdilər?

Ermənistan parlamentində 1999-cu il oktybarın 27-də terror aktı zamanı öldürülmüş baş nazir Vazgen Sarkisyanın qardaşı, “Respublika” Partiyasının sədri Aram Sarkisyan diqqətçəkən açıqlamalar verib.

Onun sözlərinə görə, Ermənistanda parlamentin gülləbaran edilməsi baş verməsəydi, oxşar terror aktı Azərbaycanda olacaqdı. İddiaya görə, bunu ona həmin dövrdə Azərbaycanın xarici işləri naziri vəzifəsindən istefa verən Tofiq Zülfüqarov deyib.

“Həmin illərdə ABŞ-nin keçmiş dövlət katibinin müavini və Rusiya Şərqşünaslıq İnstitutunun o vaxtkı elmi direktoru Vitali Naumkinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş keçirildi. Bir müddət Azərbaycan tərəfini keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov koordinasiya edirdi, Ermənistan tərəfində isə nümayəndə heyətinə mən rəhbərlik edirdim. 

Bir dəfə müzakirələrdən sonra Zülfüqarovla görüşüb qəhvə içdik. Həmin vaxt ondan soruşdum ki, niyə 1999-cu ildə o özü- xarici işlər naziri, onunla paralel olaraq prezidentin xarici əlaqələr üzrə müşaviri də (Vəfa Quluzadə-red.) eyni anda vəzifədən istefa verdilər? Tofiq Zülfüqarovun cavabı maraqlı idi. Dedi ki, əgər istefa verməsəydilər, 1999-cu ildə Ermənistan parlamentində yaşanan hadisə Bakıda da təkrarlanacaqdı. Mən heyrətləndim, belə bir cavab verəcəyi ağlıma belə gəlməzdi. Daha sonra o getdi, bir daha da Zülfüqarovu görmədim.

Uzun müddət bu məsələni düşündüm, qənaətə gəldim ki, 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş nazir Vazgen Sərkisyan, parlament sədri Karen Dəmirçiyan və başqa 6 dövlət rəsmisinin ölümü ilə nəticələnən terror hücumunun arxasında Rusiya deyil, başqa bir xüsusi xidmət orqanı var. Vazgenlə Karenin Rusiya və Çinlə çox yaxşı əlaqələri vardı, onları dinləyirdilər.

Yəni bu hücum Moskvaya sərf etməz. Amma Vazgen Sərkisyanın məhz ABŞ-yə səfərindən sonra terror hücumu nəticəsində öldürülməsi diqqətimi çəkir. O, ABŞ-də Ermənistanla bağlı çox qaranlıq məlumatlar öyrənmişdi. Ona deyilmişdi ki, Ermənistana maliyyə axınının 65 faizinin hansı istiqamətdə dövr etdiyi bəllidir, amma 35 faizi yox. Vazgen ABŞ-dən məyus halda qayıtmışdı.

Hökumətin iclasında da hər kəsi cəzalandıracağını dedi. Bundan sonra həmin terror hücumu baş verdi”.

1xeber.media bildirir ki, Aram Sarkisyanın açıqlamalarında toxunduğu məqamların nə qədər həqiqətəuyğun olduğuna aydınlıq gətirmək üçün “Cebheinfo.az” sabiq xarici işlər naziri Tofiq Zülfüqarova bir neçə sual ünvanlayıb:

- Tofiq bəy, çıxışla yəqin ki, tanışsınız. Belə bir görüş olubmu?

- Mən Aram Sarkisyanın dediklərini başa düşmədim. Yəni Aram Sarkisyan deyir ki, pulların 65 faizi bir tərəfə gedir, 35 faizi başqa istiqamətə. Bununla nə demək istədiyi aydın deyil. Amma mən Aram Sarkisyanla həqiqətən də qeyri-rəsmi tədbirdə görüşmüşəm. ABŞ və Rusiya institutları münaqişələrin həlli məqsədilə modellər yaratmışdılar. Bu tədbir həmin məqsədlə təşkil olunmuşdu. Mən o sözləri hansı kontekstdə dediyimi də xatırlamıram.

O vaxt hamı başa düşürdü ki, bu terror aktı Rusiyanın addımı idi. 1999-cu ildə Ermənistanda prezident Robert Köçəryan idi. O, cinayəti törədən terrorçuların yanına özü gedib, danışıqlar aparıb. Sonra onlar bir-bir ölüblər və ya öldürülüblər. Yəni parlamentdəki terror aktı Ermənistan-Azərbaycan münaqişəsindən daha çox, Ermənistandakı daxili siyasi proseslərlə baqğlı idi. Çünki Ermənistanda hamı belə düşünür ki, Köçəryan özünün siyasi rəqiblərini aradan götürmək üçün bu qətli törədib.

Bəziləri hesab edirlər ki, məqsəd Vazgen Sarkisyanı öldürmək olub, başqalarının fikrincə, hədəf Karen Dəmirçyan olub. Amma bu güllələnmə bizim istefamızla üst-üstə düşür. Həmin vaxt ABŞ-nin dövlət katibinin köməkçisi-Stroub Talbot, ya da Sistanoviç Ermənistanda görüş keçirib. Müzakirələrdən sonra xarici işlər naziri Vardan Oskanyan ABŞ rəsmisini yola salmaq üçün onunla hava limanına gedib. Görüşün digər iştirakçıları iclas keçirmək və bu mövzunu müzakirə etmək üçün parlamentə gediblər.

Bu məqamda onları güllələmişdilər. Vazgen Sarkisyan da, Karen Dəmirçyan da hakimiyyətə iddialı idi. Köçəryan onları öldürtdürəndən sonra öz hakimiyyətinin, daha doğrusu “Qarabağ klanı”nın siyasi monopoliyasını yaratdı.

Terror aktının bizim istefa ilə əlaqəsinə gəlincə, bu məsələdə Rusiyanın davranışı maraqlıdır. Mən istefa mövzusuna qayıtmaq istəmirəm. Sadəcə olaraq, bu istefalardan sonra Azərbaycan danışıqlar prosesində ərazi bütövlüyü prinsipi ilə bağlı daha güclü mövqe nümayiş etdirməyə başladı.

- Həmin görüşdə siz Ermənistanda olduğu kimi, Azərbaycanda da terror aktı törədilə biləcəyini demisiniz? Sizə qarşı belə bir təhlükə var idi?

- Hansısa terror aktının törədilməsi mümkün idi. Biz unutmamalıyıq ki, 1990-cı illərdə Azərbaycanda müxtəlif terror aktları törədilirdi. Metrodakı terror hadisəsi, silah-sursat anbarının partladılması, bəzi tanınmış şəxslərin öldürülməsini yaxşı xatırlayırıq. Əgər belə bir təhlükə olmasaydı, vəzifəli şəxslərin, o cümlədən mənim təhlükəsizliyim Xüsusi Mühafizə Xidməti tərəfindən təmin edilməzdi.

- Bu terror aktları sülh prosesini pozmaq üçün törədilə bilərdi?

- Rusiya sülh prosesini bu və ya digər istiqamətə yönəltməklə münaqişəni idarə edirdi. Yəni bu, konflikt menecmentdir. Bu isə yalnız hərbi əməliyyatların aparılmasını deyil, həm də siyasi şəxslərin öldürülməsini nəzərdə tutur. Bütün dünyada belədir.

- Amma hiss olunur ki, Aram Sarkisyan diqqəti Rusiyadan yayındırmağa çalışır və deyir ki, Vazgen Sarkisyanı öldürmək Moskvaya sərf etməzdi. Diqqəti müəyyən qədər də ABŞ-yə yönəldir...

- Onun nə demək istədiyini mən də başa düşmədim. Aram Sarkisyanın dediklərinə məndən cavab gözləmək düzgün olmazdı. Əgər Sarkisyan nə isə bilirsə, qoy desin. Deyir ki, Vazgen Sarkisyan Amerikadan gəldi, pullar başqa yerə getdi. Nə demək istədiyi isə aydın deyil. Amma bu terror aktı birmənalı şəkildə Rusiyanın işidir.

Bunu məntiq göstərir. Əgər güllələnmə Ermənistanda baş tutmasaydı, Azərbaycanda həyata keçiriləcəkdi. Ermənistanda da alındı. Bizim uğurumuz ondan ibarət olub ki, danışılarda Qarabağın erməni icması iştirak etməyib. Bu, Azərbaycanın xeyrinə həlledici nailiyyət idi. Bəlkə kimsə bundan narazı idi. Söhbət 30 il bu münaqişəni idarə edənlərdən gedir. Gəlin, sadəlövh olmayaq, orada yalnız Rusiya iştirak etməyib.

- Digər bir rəy isə bundan ibarətdir ki, Ermənistan parlamentində törədilmiş və ya Azərbaycanda sizin dediyiniz kimi, mümkün terror aktı “Pol Qobl planı”nın qarşısını almaq və sülhə mane olmaq məqsədi daşıyıb.

- Belə çıxır ki, ABŞ Pol Qoblun təkliflərini pozmaq üçün Ermənistan parlamentində qətl təşkil edib?

- Söhbət ABŞ-nin deyil, Rusiyanın sülh prosesini pozmaq üçün bu addımı atmasından gedir...

- Siz Aram Sarkisyanın dediklərinə baxın. Sanki Aram Sarkisyan diqqəti Rusiyadan yayındırır. Mən deyərdim onun açıqlaması Rusiyanı zərbədən qorumağa hesablanıb. Mən Pol Qoblla bir dəfə görüşmüşəm. O, Azərbaycanda dərs deyirdi. Terror aktını “Pol Qobl planı”na bağlayırlar, əslində o, ərazi mübadiləsi təklifini 1992-ci ildə irəli sürüb. “Pol Qobl planı”nın müzakirəsi ilə bağlı Azərbaycan parlamentində dinləmələr olub.

Mən bu barədə dəqiq bir söz deyə bilmərəm. Çünki mən oktyabrın 24-də işdən çıxmışam, oktyabrın 27-də Ermənistanda parlamentdə güllələnmə baş verib. Ona görə də bu barədə həmin vaxt xarici işlər naziri vəzifəsini tutan Vilayət Quliyev daha dəqiq məlumata malikdir.