Вернуться назад Распечатать

Ermənistan itkin azərbaycanlıların dəfn yerlərini açıqlamalıdır – Hikmət Hacıyev

1xeber.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.

Hikmət Hacıyev bildirib ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Onun sözlərinə görə, itkinlərin axtarışı, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının ailələrə qaytarılması istiqamətində işlər davam etdirilir. Şahid ifadələri araşdırılır, ehtimal olunan dəfn yerlərində qazıntılar aparılır, aşkar edilən qalıqlar məhkəmə-tibbi və DNT ekspertizasından keçirilir.

Hacıyev qeyd edib ki, indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb və 328 itkin şəxsin kimliyi DNT müayinəsi ilə müəyyənləşdirilib.

O vurğulayıb ki, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn yerləri barədə dəqiq və əhatəli məlumat təqdim etməlidir. Bunun minlərlə ailənin uzun illərdir davam edən qeyri-müəyyənliyinə son qoymaq baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.