Вернуться назад Распечатать

Hacıbala Abutalıbovun evində “gözlənilməz qonaq” olmaq istəyi nə ilə nəticələndi?

Sabiq merin Ağçaydakı “həmkəndlilər”indən sensasion açıqlamalar

Qax rayonunun dağlar qoynunda yerləşən, füsunkar təbiətli Ağçay kəndi gələnləri valeh edir. Bu kəndin dar küçələri, göz oxşayan mənzərəsi, daş evləri, məhsuldar bağları, bol oksigenli havası, sərin suları, axar çayı bura üz tutan turistlərə unudulmqaz anlar bəxş edir. Qax-İlusu yolunun sol kənarında yerləşən bu kəndə üz tutmaqda məqsədimiz Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbovdan soraq almaq, imkan olsa, özü ilə görüşmək, bir müddət əvvəl barəsində yayılmış şayiəyə şəxsən münasibətini oyrənmək idi. Xatırladaq ki, mediada Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Qax rayonunun Ağçay kəndindən Bakıya köçməsi barədə xəbərlər yayılmışdı. İddia olunurdu ki, Hacıbala Abutalıbov məcburən illərdir yaşadığı bu cənnət məkandan getməli olub, guya məişət zəminində baş verən qarşıdurmadan sonra həyat yoldaşı əslən qaxlı olan keçmiş mer kənddən qovulub.

Qonaqpərvər Ağçay sakinləri ilə hal-əhval tutduqdan sonra bəlli oldu ki...

“Hacıbala müəllim çox yaxşı insandır. Uzun illərdir burada yaşayır. Biz ondan çox razıyıq”. Bunu deyən kənd sakini Ayaz Mollayev H.Abutalıbovun Ağçay üçün xeyli işlər gördüyünü bildirir. “Bizim ev kəndin ən yuxarı hissəsindədir. Evə yolumuz yox idi, illər idi düzəlmirdi. Hacıbala müəllimə dedik, bir kəlməsi ilə yolumuzu düzəltdilər, asfalt da yox, beton yol çəkdilər. Təsəvvür edin ki, betonun altından dəmir konstruksiyalar vuruldu. Sağ olsun, Hacıbala müəllimin sayəsində bu iş oldu”, - əlavəsini də edir.

Ağçay sakinləri H.Abutalıbovun digər işlərindən də həvəslə bəhs edirlər: “Kəndin bütün abadlıq işlərini bu kişi gördürüb. Yolun çəkilməsində, tramplinlərin qoyulmasında böyük əməyi var. Bir kəlməsi bəs edir ki, müraciətlərimiz müsbət həllini tapsın”-deyə, başqa sakin əlavə edir.

Kəndin suyunun çəkilməsi də Ağçayın “fəxri vətəndaş”ının təşəbbüsü hesabına reallaşıb. “Kəndimizin suyu olsa da, başqa səmtlərdə yaşayan sakinlərə çatmırdı. Hacıbala müəllim üç yerdən kəndə su gətirtdidi. Qas deyilən bir yer var, dağın başıdır, oradan su gətirtdi, sakinlərin canı qurtardı”.

Kəndlilər deyirlər ki, H.Abutalıbov fərdi qaydada müraciət edənlərə də əl tutur: “Bir dəfə yola görə qapısını döydük, onda da imtina etmədi. Düzdür, mənim maddi yardıma ehtiyacım yoxdur, amma eşitdiyimə görə, çox adama maddi yardım edib. Ümumiyyətlə, bu kişi əlindən nə gəlibsə, onu eləyib”.

Sakinlər deyir ki, H.Abutalıbovu ara-sıra kənddə görürlər: “Nə vaxt Bakıya gedib-gəlir, deyə bilmərik. Amma hərdən yolda rastlaşırıq, salamlaşırıq, hal-əhval tuturuq. Sonuncu dəfə 3-4 gün əvvəl rastlaşdıq, görüşdük. Böyüklə böyükdür, kiçiklə kiçik, çox səmimi insandır.”

Həmsöhbət olduğum insanlar Ağçay barədə də danışırlar. Təqribən 600 nəfər əhalisi olan Ağçayın qonaqpərvərliyindən danışan sakinlər bildirirlər ki, bütün Qax sakinləri kimi, bu kəndin əhalisi də qonaqcanlıdır. Elə buna görə də turist sarıdan korluq çəkmirlər. Kənddəki evlər turistlərə 50-200 AZN-ə təklif edilir. Təbii ki, şəraitindən asılı olaraq. Yerli turistlərlə yanaşı, xarici qonaqlar da ağçaylıların qonağı olurlar. Sakinlərdən biri gülərək ərəblərin “daha yaxşı pul vüerdiklərini” söyləyir. Söhbətimizin bu vədəsində yağış çiləməyə başlayır. Temperatur Qaxın mərkəzindən 5-10 dərəcə aşağı olur. “Burada kondisioner nə olduğunu heç kəs bilmir”, sakinlərdən biri söyləyir. Kəndin əsas dolanışığı turizmlə bağlı olsa da, maldarlıqla məşğul olanlar da var. İlisu Dövlət Qoruğuna aid olan bu ərazidəki meşələrdə müxtəlif meyvə ağacları da var. Ağçayın kənarından keçən çayın coşmasından Allah saxlasın.

Söhbət yenə də H.Abutalıbovdan düşür.

“Sərbəst şəkildə kəndə gəzməyə çıxır. Kəndin ən sevimli adamıdır. Həm də kəndimizin fəxri vətəndaşıdır” - sakinlərin biri deyir.

H.Abutalıbovun Ağçaydan guya qovulduğu barədə şayiəyə gəldikdə, sakinlər bunu eşidəndə əsəbləşirlər: “Onu deyən çox böyük səhv edir. Mən açıq deyirəm. Elə bir şey yoxdur. Rayonun, kəndin adını kimlərsə ləkələmək istədiyi üçün belə şayiə yayıb. Həm də bizim kəndimizin sakinləri qonaqpərvər adamlardır. Qonağı qovarlarmı? Bu adam çox yaxşı insandır, mənim bildiyim budur”. Ayaz Mollayev isə “Hacıbala müəllimdən 3 dənə də olsa, çox yaxşı olar”, deyir və ürəkdən gülür. Ardınca da bildirir ki, Hacıbala müəllim Ağçayın qeyri-rəsmi meridir və ona kimsə güldən ağır söz deməyi ağlından belə keçirə bilməz.

H.Abutalıbovun evini soruşuruq, sakinlər nişan verirlər. Elə yaxında imiş. Bildirirlər ki, sabiq merin qohumlarından da kimlərsə burada yaşayır və onların da kənddə çox yaxşı evi var. Lap yaxında imiş, nişan verirlər...

Evə yaxınlaşırıq, “gözlənilməz qonaq” funksiyasında. Necə olsa, belə xoş təəssüratlardan sonra keçmiş verlə həmsöhbət olmaq marağı götürür bizi. “Alaqapı”nı döyürük. Səs-soraq gəlmir. “Ay ev yiyəsi” çağırışımız da cavabsız qalır. Hacıbala müəllimin mobil telefonuna bir neçə dəfə zəng edirik. Mer işlədiyi dövrdə dəfələrlə telefon danışığımız olmuşdu. Həmçinin paytaxın ayrı-ayrı məkanlarında da rastlaşdığımız, söhbətləşdiyimiz hallar olub. Amma bu dəfə nə üzümüzə qapı açılır, nə də telefon zəngimizə cavab verir. Xatırlayıram, Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövrdə müsahibə istəyəndə cavabı belə olmuşdu: “İcazə verin, mən şəhərimizi gözəlləşdirim, sonra danışarıq”. Hər halda, gözəlləşdirmə prosesini Ağçayda davam etdirməsi də yaxşı haldır...

musavat.com