Вернуться назад Распечатать

Siyasi şərhçi: Azərbaycan–ŞƏT əməkdaşlığı Avrasiyanın artan geostrateji əhəmiyyəti fonunda yeni imkanlar açır

Müasir beynəlxalq münasibətlər sistemi sürətli transformasiya mərhələsindən keçir və bu prosesdə Avrasiya məkanının siyasi, iqtisadi və geostrateji əhəmiyyəti getdikcə artır. Belə bir şəraitdə Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmaqla yanaşı, çoxtərəfli əməkdaşlıq platformalarında iştirakını da ardıcıl şəkildə genişləndirir. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərin inkişafı bu siyasətin mühüm istiqamətlərindən biridir.

1xeber.media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, Azərbaycan ŞƏT məkanında yerləşən bir sıra ölkələrlə artıq yüksək səviyyəli ikitərəfli münasibətlər formalaşdırıb. ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycan üçün tamamilə yeni istiqamət deyil, mövcud və inkişaf edən ikitərəfli əlaqələrin çoxtərəfli platformada davam etdirilməsi baxımından əlavə imkan yaradan mühüm istiqamətdir. Son illərdə Azərbaycanla ŞƏT arasında münasibətlərin səviyyəsinin yüksəlməsi də qarşılıqlı marağın artdığını göstərir. Prezident İlham Əliyevin müxtəlif illərdə təşkilatın sammitlərinə dəvət olunması və yüksək səviyyəli görüşlərdə iştirakı Azərbaycanın ŞƏT məkanında siyasi çəkisinin və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan–ŞƏT əməkdaşlığının perspektivlərini müəyyənləşdirən əsas istiqamətlərdən biri nəqliyyat və kommunikasiyalardır. Azərbaycanın Avrasiyanın şərqi ilə qərbini, eyni zamanda şimalı ilə cənubunu əlaqələndirən mühüm coğrafi mövqeyə malik olduğunu bildirən siyasi şərhçi qeyd edib ki, qlobal ticarətdə təhlükəsiz, qısa və alternativ marşrutlara tələbatın artması fonunda ölkəmizin tranzit imkanlarının əhəmiyyəti daha aydın görünür. Şərq–Qərb və Şimal–Cənub dəhlizləri, eləcə də transregional nəqliyyat bağlantılarının inkişafı Azərbaycanla ŞƏT dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Bu baxımdan Azərbaycan ŞƏT ölkələri üçün Xəzər dənizi üzərindən Cənubi Qafqaza və daha geniş coğrafiyaya çıxışı təmin edən mühüm bağlantı məkanı rolunu oynayır. Azərbaycanın inkişaf etdirdiyi nəqliyyat infrastrukturu ölkənin bu imkanlarını yalnız coğrafi üstünlük olaraq deyil, praktiki iqtisadi və logistika potensialı kimi reallaşdırmağa imkan verir”, – deyə o bildirib.

Ü.Zülfiqarın sözlərinə görə, Azərbaycan–ŞƏT gündəliyi yalnız tranzit və iqtisadi maraqlarla məhdudlaşmır. Regional təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığa qarşı fəaliyyət, energetika, telekommunikasiya, kənd təsərrüfatı, ticarət və sərmayələr kimi geniş istiqamətlər əməkdaşlığın praktiki məzmununu formalaşdırır. «Mədəniyyət, təhsil, elm, turizm, multikulturalizm və sivilizasiyalararası dialoq sahələrinin də bu gündəliyə daxil olması Azərbaycan–ŞƏT münasibətlərinin yalnız siyasi və iqtisadi xarakter daşımadığını, kompleks əməkdaşlıq modelinə əsaslandığını göstərir. Hazırkı mərhələdə ŞƏT-lə əməkdaşlığın digər mühüm tərəfi dəyişən beynəlxalq münasibətlər sistemi ilə bağlıdır. Bişkekdə keçirilən “ŞƏT+” görüşü üçün müəyyənləşdirilmiş mövzunun BMT-nin ədalətli dünya nizamındakı rolu və “ŞƏT+” dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi ilə bağlı olması təşkilat daxilində gedən müzakirələrin artıq daha geniş qlobal məsələləri əhatə etdiyini göstərir.

Azərbaycan müxtəlif beynəlxalq və regional platformalarda fəal iştirak edir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, dəyişən dünya nizamında milli maraqlar qorunmaqla yanaşı, qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında yeni tərəfdaşlıq imkanları formalaşdırılmalıdır. Bu baxımdan ŞƏT platforması Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edə bilər.

Syasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə müxtəlif beynəlxalq platformalarda artan fəallığı ölkəmizin dəyişən dünya düzənində öz milli maraqlarına əsaslanan siyasət yürüdərək qlobal və regional proseslərdə fəal iştirak edən dövlət mövqeyini daha da möhkəmləndirdiyini göstərir.

“Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı da bu siyasətin məntiqi davamıdır. Ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, enerji və nəqliyyat imkanları, eləcə də müxtəlif regional platformalar arasında əlaqələndirici rol oynamaq qabiliyyəti Azərbaycanı böyük Avrasiya məkanında mühüm tərəfdaşa çevirir. Qarşılıqlı maraqlar əsasında bu əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, həm də Avrasiya məkanında daha sıx iqtisadi və siyasi bağlantıların formalaşmasına töhfə verə bilər”, – deyə Ülviyyə Zülfiqar əlavə edib.