ABŞ Prezidenti Donald Tramp Rusiyanın maliyyə naziri Anton Sıluanovun G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak etmək üçün ABŞ-a səfərinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, Tramp Sıluanovun ABŞ-a gəlməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən, Rusiya ilə münasibətlərin davam etdirilməsinin mümkün nəticələr verəcəyini deyib.
“Baxarıq, bəlkə də nəsə alınar. Biz hamı ilə yaxşı münasibətlər qurmağı xoşlayırıq”, – deyə Tramp bildirib.
Sıluanov ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşüb. Tərəflərin Ukrayna ilə bağlı Trampın 28 maddəlik sülh planını müzakirə etdiyi bildirilib.
Almaniyanın maliyyə naziri Lars Klinqbayl Sıluanovun ABŞ-da isti qarşılanmasından narazılığını ifadə edib. O, Vaşinqtonun bu addımını “narahatedici siqnal” kimi qiymətləndirib.
Klinqbayl bildirib ki, ABŞ-ın Sıluanovu adi qonaq kimi qəbul etməməsini və Rusiyaya qarşı daha aydın mövqe nümayiş etdirməsini üstün tutardı.
Bundan əlavə, Avropanın maliyyə nazirləri Sıluanovla G20 sammitində birgə foto çəkdirməkdən imtina ediblər.