Nigerdə baş verən uğursuz hərbi çevriliş cəhdi Rusiyanın Sahel bölgəsində təsirini daha da gücləndirib. Politoloq Eva Balavinanın sözlərinə görə, hadisə bölgədə fəaliyyət göstərən Rusiya Silahlı Qüvvələrinin Afrika Korpusunun təhdidlərə operativ cavab vermək qabiliyyətini də nümayiş etdirib.
1xeber.media xəbər verir ki, Balavina Afrika Korpusunun böhranlı məqamda Rusiyaya dost hökumətə dəstək göstərə bilən qüvvə kimi öz reputasiyasını təsdiqlədiyini bildirib.
“Bu gün Sahel rejimlərinə belə bir xidməti başqa heç kim təklif etmir”, – deyə tədqiqatçı qeyd edib.
Onun sözlərinə görə, Nigerdə hərbçilər arasında parçalanmanın olması da diqqət çəkir. Ölkə rəhbərliyi gələcəkdə oxşar insidentlərin təkrarlanmaması üçün vəziyyəti sabitləşdirməlidir.
Qeyd edək ki, avqustun 30-da Rusiyanın Nigerdəki səfiri Viktor Voropayev ölkədə silahlı qiyam cəhdinin baş verdiyini açıqlayıb. Qiyamçılar televiziya binasını və aviabazanı ələ keçirməyə, prezident sarayını atəşə tutmağa çalışıblar. Onlar həmçinin Rusiya səfirliyi əməkdaşlarının yaşadığı otelə daxil olmağa cəhd ediblər.
Məlumata görə, çevriliş cəhdi Rusiya Silahlı Qüvvələrinin Afrika Korpusunun iştirakı ilə yatırılıb.