Вернуться назад Распечатать

Politoloq: İlham Əliyevin Qırğızıstana səfəri Azərbaycanın Mərkəzi Asiyada rolunu gücləndirir

 “Prezident İlham Əliyevin Qırğızıstana səfəri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakla bağlıdır. O da məlumdur ki, genişləndirilmiş “ŞƏT Plus” formatında keçiriləcək görüşlərdə regional təhlükəsizlik, beynəlxalq hüquq, nəqliyyat dəhlizləri, ticarət və rəqəmsal əməkdaşlıq əsas müzakirə mövzuları olacaq. Sammitin sonunda ŞƏT-in 25 illiyinə həsr edilmiş Bişkek Bəyannaməsinin qəbul ediləcəyi də gözlənilir”.
Bunu 1xeber.media-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
O deyib ki, Azərbaycan ŞƏT-in üzvü deyil, amma 2016-cı ildən etibarən təşkilatın dialoq tərəfdaşıdır:
“Buna baxmayaraq, Prezident İlham Əliyevin sammitə dəvət olunması Azərbaycanın Avrasiyada artan siyasi çəkisinin göstəricisi hesab edilə bilər. Özbəkistan səfərinin ardınca Bişkekə gediş Bakının Mərkəzi Asiya və Türk dünyası istiqamətində ardıcıl siyasət apardığını göstərir. Xüsusilə iyul ayında Azərbaycan–Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilməsi fonunda bugünkü səfər Azərbaycanla Qırğızıstan arasında əldə edilmiş siyasi yaxınlığın daha geniş regional platformalara daşınması baxımından əhəmiyyətlidir. Şübhəsiz ki, Azərbaycan üçün Qırğızıstanın əhəmiyyəti təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Qırğızıstan Mərkəzi Asiyanın mühüm dövlətlərindən biridir və onunla münasibətlərin möhkəmləndirilməsi Bakının regiondakı siyasi və iqtisadi mövcudluğunu genişləndirir. Burada qarşılıqlı investisiyalar, ticarət əlaqələri, nəqliyyat, logistika və rəqəmsal bağlantılar üçün yeni imkanlar meydana çıxır. Əsas məsələ isə mövcud siyasi münasibətlərin konkret iqtisadi layihələrlə tamamlanmasıdır. Əgər bu istiqamətdə praktiki addımlar sürətlənərsə, Azərbaycan–Qırğızıstan tərəfdaşlığı real iqtisadi əməkdaşlıq modelinə çevrilə bilər”.
O qeyd edib ki, səfərin digər mühüm tərəfi Orta Dəhlizin coğrafiyasının genişlənməsi ilə bağlıdır:
“Azərbaycan artıq Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa bazarlarına bağlayan əsas həlqələrdən birinə çevrilib. Qırğızıstanın bu nəqliyyat sistemində fəallığının artması isə marşrutun daha şərqdə yerləşən iqtisadi mərkəzlərə bağlanmasını gücləndirə bilər. Türk dünyasının inteqrasiyası baxımından da proses maraqlı mərhələyə daxil olur. Burada söhbət heç də təkcə ortaq tarix və mədəniyyətdən getmir. Növbəti mərhələdə əsas hədəf nəqliyyat, ticarət, investisiya, enerji və kommunikasiya əlaqələrinin vahid əməkdaşlıq məkanına çevrilməsidir. Azərbaycan–Qırğızıstan münasibətlərinin möhkəmlənməsi bu baxımdan Türk Dövlətləri Təşkilatı daxilində daha sıx iqtisadi əlaqələr üçün əlavə zəmin yaradır. Bugünkü səfərin əsas strateji mesajı Azərbaycanın özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirici aktor kimi təqdim etməsidir. ŞƏT platformasında iştirak isə rəsmi Bakıya daha geniş coğrafiyada siyasi və iqtisadi əlaqələr qurmaq imkanı verir. Nəticədə Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı ikitərəfli çərçivəni aşaraq Orta Dəhlizin möhkəmlənməsinə və Türk dünyasında praktiki inteqrasiyanın dərinləşməsinə xidmət edə bilər”.
Aysel Timur