Вернуться назад Распечатать

“Azərbaycanın Qırğızıstana təsiri böyükdür” – Politoloqdan diqqətçəkən açıqlama

“Qısa zaman kəsiyində bu, Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına ikinci səfəridir. İkinci səfərin çox vacib özəlliklərindən biri də ondan ibarətdir ki, burada, ilk növbədə, Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşü keçiriləcək. Azərbaycan bu təşkilatın faktiki olaraq həm müttəfiqi, həm də tərəfdaşıdır və bizim təşkilatla çox gözəl münasibətlərimiz inkişaf edir. Ayrı-ayrılıqda bu təşkilatda təmsil olunan bütün ölkələrlə Çindən başlayaraq Türkiyəyə, Türkiyədən Rusiyaya qədər Azərbaycanın, o cümlədən Qırğızıstan, Qazaxıstan və Özbəkistanla ikitərəfli formatda münasibətləri yüksələn xətt üzrə inkişaf edir”.

Bu fikirləri politoloq Tofiq Abbasov 1xeber.media-ya açıqlamasında deyib.

O bildirib ki, bu işlərin hamısında əksər dövlətlərin xarici siyasət və iqtisadi sahədə prioritetləri üst-üstə düşür:

“İlk növbədə, bu, ondan xəbər verir ki, həmin dövlətlər, onların siyasi rəhbərlikləri, elitaları və xüsusən prezidentləri ümumiləşmiş şəkildə inteqrasiya vektorunu gücləndirməyi vacib sayırlar. Çünki indiki təlatümlü dövrdə, kataklizmlərin sayının artdığı bir şəraitdə sülhün və sabitliyin təminatı daha da güclü olmalıdır. Elə Orta Dəhliz layihəsini götürsək, görərik ki, onun dünya birliyinin gələcəyi və yeni yaranan nizam üçün nə dərəcədə böyük əhəmiyyəti var. Çindən başlayaraq Avropaya qədər bu xətt üzrə yerləşən ölkələrin hamısı bundan əməli qazanc və mənfəət əldə edəcəklər. Çünki daşımalar artır və gediş-gəlişə böyük tələbat var.
 Digər tərəfdən, istər ikitərəfli, istərsə də çoxtərəfli qaydada elə platformalar və formatlar var ki, burada ölkələr kütləvi şəkildə deyil, düşünülmüş tərzdə bir-birinə dəstək verir, bununla bağlı öz planlarını irəli sürürlər.Qırğızıstana gəldikdə, bəli, artıq bu ölkənin özünün çox dərin böhranlı vəziyyəti var idi. Sadır Japarov prezident kimi hakimiyyətə gəldikdən sonra, demək olar ki, Azərbaycan modelinə üz tutub. Ona görə də bizim çox sıx əlaqələrimiz var”.

Politoloq qeyd edib ki, Azərbaycanın Qırğızıstanın seçim etmək imkanlarına çox böyük, müsbət təsirləri var:
“Çünki Azərbaycan inteqrasiya layihələrini ideya kimi təklif edərək, sonra onların üzərində əməli iş apararaq və onları ərsəyə gətirərək, multiplikativ effektlər yaratmağa nail olur.
Bunun da dünya birliyi üçün, ümumilikdə Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı üçün çox böyük təsirləri var. Ona görə də Qırğızıstan başa düşür ki, məhz Azərbaycan modeli, Prezident İlham Əliyevin təklif etdiyi gedişlər, sonra yaratdığı mexanizmlər və rıçaqlar sözün əsl mənasında effektiv rol oynayır və bütün gözləntilərə cavab verir. Bu səfər çərçivəsində bir neçə vacib tədbir var. Əvvəla, dövlət və hökumət rəhbərləri arasında ikitərəfli görüşlər olacaq. Digər tərəfdən, Köçəri Xalqların İdman Oyunları keçiriləcək və dövlət başçımız həmin proseslərdə də iştirak edəcək – həm açılışında, həm də nümayişlərində. Bunların hamısı həm də onu göstərir ki, münasibətlərin mədəni-humanitar aspekti heç də geosiyasi və geoiqtisadi proseslərdən geri qalmır. Əksinə, daha vacib rol oynayır və xalqları bir-birinə yaxınlaşdırır. Odur ki, bu səfərin özünün də böyük əhəmiyyəti var və gözləntilərimiz var. Biz, əlbəttə ki, Azərbaycan diplomatiyasının yeni uğurlarına hazırlığımızı göstəririk. Azərbaycan diplomatiyası da həmin yeni uğurlar istiqamətində lazımi işləri və hazırlıqları görür ki, biz vaxtlı-vaxtında istədiyimiz hədəflərə çataq”.

Aysel Elnur