ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Çin G20 ölkələri arasında maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekunlarına dair birgə kommünikeni dəstəkləməyən yeganə ölkə olub.
1xeber.media xəbər verir ki, Bessent bu barədə ABŞ-ın Şimali Karolina ştatının Eşvill şəhərində keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün G20 üzvlərinin razılaşdığı birgə kommünikenin qəbul ediləcəyini gözləyirdi. Lakin ölkələrdən biri buna razılıq verməyib.
Bessent qeyd edib ki, fikir ayrılıqları əsasən dünya ticarəti və iqtisadi disbalanslarla bağlı məsələlər ətrafında yaranıb. ABŞ G20 ölkələrini Çinin ticarət siyasətinə və Çin ixracının digər dövlətlər üçün yaratdığı nəticələrə daha çox diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl Argentina da G20-nin Braziliyadakı sammitinin yekun sənədindəki bəzi müddəalarla bağlı narazılığını bildirmiş və sənədin qəbuluna mane ola biləcəyini açıqlamışdı. Lakin sonradan Buenos-Ayres sənədi bloklamamaq qərarına gəlib.