“Ölkə Prezidenti bir ay ərzində artıq ikinci dəfə Qırğızıstana səfər edirdi. İyulun 30-u və 31-də Qırğızıstana dövlət səfəri edən Prezident İlham Əliyev tərəflər arasında münasibətlərin tamamilə yeni mərhələyə yüksəlməsini şərtləndirən müttəfiqlik münasibətləri haqqında sənədə imza atdı. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, Qırğızıstanla Azərbaycan arasında əlaqələrin kifayət qədər zəngin inkişaf tarixi mövcuddur və bundan sonra da bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var”.
Bu sözləri 1xeber.mediya-ya açıqlamasında sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu bildirib.
O qeyd edib ki, tərəflər arasında həm siyasi münasibətlərin, həm də iqtisadi əməkdaşlığın kifayət qədər yaxşı perspektivləri görünməkdədir:
“Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammitində iştirak çərçivəsində də Azərbaycan və Qırğızıstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi imkanları müzakirə olundu. Ümumiyyətlə, iki ölkə arasında təmaslara bu, yeni dinamizm qatacaqdır. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti eyni platformada çox ciddi görüşlər keçirdi. Belarus Respublikasının Prezidenti, Ermənistanın Baş naziri, Qazaxıstan Prezidenti və İran Prezidenti ilə görüşlər oldu. Rusiya Prezidenti ilə qeyri-formal, ayaqüstü dialoq baş tutdu. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla da ölkələrimiz arasında münasibətlərin vəziyyəti müzakirə olundu və s. Yəni Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik yubiley sammitini də Azərbaycan Prezidenti, həmişə olduğu kimi, bir fürsətə, diplomatik fürsətə çevirməyi bacardı. Ölkəmiz və milli maraqlarımız üçün çox gərəkli görüşlər keçirdi, müzakirələr apardı. Ayrıca qeyd etmək lazımdır ki, bu səfər Azərbaycanla Qırğızıstan arasında münasibətlərin daha da inkişafı üçün əlavə təkan yaradacaqdır”.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişafının kifayət qədər zəngin tarixi var və 2026-cı ilin iyul ayı bu mənada olduqca əlamətdar oldu:
“Yəni tərəflər arasında müttəfiqlik münasibətləri quruldu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, müttəfiqlik münasibətləri iki ölkə arasında münasibətlərin əsas, ən yüksək həddidir. Bu o deməkdir ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlər həqiqətən də olduqca yüksək inkişaf səviyyəsinə çatıb. Eyni zamanda, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. Ölkə Prezidenti həmçinin ŞƏT Plus formatında da çıxış etdi. Bu çıxışı zamanı çox ciddi mesajlar verdi. Belə ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələri öz gücü hesabına icra etdiyini bir daha xatırlatdı, Ermənistanla sülh müqaviləsindən danışdı və eyni zamanda Azərbaycanın beynəlxalq təmaslara, beynəlxalq əməkdaşlığa verdiyi töhfəni də qeyd etdi. Bildirdi ki, Qoşulmama Hərəkatına dörd il müddətində ölkəmiz rəhbərlik edib və bundan sonra da Azərbaycan beynəlxalq əməkdaşlığın və təmasların inkişafına töhfə verəcəkdir. Ümumiyyətlə, ölkə Prezidentinin bütün səfərləri kimi, bu səfəri də olduqca zəngin və ölkəmizin, xalqımızın maraqlarının müdafiəsi və təmin olunması, dövlətimizin beynəlxalq təmaslarda iştirak imkanlarının genişlənməsi baxımından kifayət qədər təsirli səfər oldu”.
Aysel Timur