Вернуться назад Распечатать

Putin və Tramp arasında kompromis açıqlanıb

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında noyabrda APEC sammitində üçtərəfli görüş keçirilərsə, bir sıra məsələlər üzrə məhdud kompromis əldə oluna bilər.

Bu barədə Şərqşünas, Rusiya Elmlər Akademiyasının Asiya-Sakit Okean Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Lomanov bildirib.

Onun sözlərinə görə, tərəflər süni intellekt sahəsində yeni qaydaların hazırlanması, transmilli cinayətkarlıqla mübarizə, dəniz nəqliyyatının təhlükəsizliyi və enerji bazarlarının sabitliyi kimi məsələlərdə ortaq maraqlara malikdir.

Lomanov hesab edir ki, Ukrayna və Tayvan məsələlərində isə belə üçtərəfli formatın nəticə verməsi çətin olacaq. Onun fikrincə, Moskva və Pekin bu məsələləri Vaşinqtonla daha çox ikitərəfli formatda müzakirə etməyə üstünlük verəcək.

Qeyd edək ki, Putin və Si Cinpinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Trampla üçtərəfli danışıqların keçirilməsi imkanını müzakirə etdikləri bildirilmişdi. Görüşün noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində baş tutması ehtimal olunur.