Вернуться назад Распечатать

Yumurtanın qiyməti düşür? – İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda son dövrlərdə yumurtanın qiymətində artım müşahidə olunur. Halbuki bir müddət əvvəl bəzi marketlərdə yumurtanın qiymətinin 1 qəpiyə qədər ucuzlaşması gündəmə gəlmişdi. İyul ayında isə yumurtanın qiymətində həm aylıq, həm də illik ifadədə artım qeydə alınıb.

Bəs yaxın gələcəkdə yumurtanın qiymətinin yenidən 1 qəpiyə qədər ucuzlaşması mümkündürmü?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, yumurtanın 1 qəpiyə qədər ucuzlaşması hələ də tam aydınlaşdırılmamış məsələ olaraq qalır:

“Yumurtanın qiymətinin 1 qəpiyə enməsi məsələsi müəmma olaraq qalır. Bunun niyə baş verdiyi, hansı səbəbdən belə kəskin ucuzlaşmanın qeydə alındığı və niyə qısa müddət davam etdiyi ilə bağlı araşdırma aparılmalı idi”.

İqtisadçının sözlərinə görə, yumurtanın qiymətinin kəskin şəkildə ucuzlaşması, xüsusilə qış aylarında, real görünmür:

“Yumurtanın qiymətinin kəskin ucuzlaşması mümkün deyil. Xüsusilə də qış aylarında. Yay aylarında bunun müəyyən ehtimalı var. Yumurta tez xarab olan məhsuldur. Yay aylarında istehsalçılar məhsulun əllərində qalmasının və xarab olmasının qarşısını almaq üçün qiymətləri aşağı sala bilərlər. Qış aylarında isə saxlanma xərcləri artır və bu da məhsulun qiymətinə təsir göstərir”.

Natiq Cəfərli əlavə edib ki, yumurtaya xarici bazarlarda da tələbat var və Azərbaycanın bu məhsul üzrə ixrac potensialı mövcuddur:

“Bəzi ölkələrdə yumurtaya ciddi ehtiyac var. Azərbaycanın yumurta ixracı potensialı mövcuddur. Hətta ötən il ABŞ-a da yumurta ixrac etmişdik. Ona görə də yaxın gələcəkdə yumurtanın qiymətinin yenidən 1 qəpiyə qədər enməsi ehtimalını yüksək qiymətləndirmək olmaz”.