Вернуться назад Распечатать

“Çevik”in döyülməsinə Fazil Mustafadan REAKSİYA – “Allah yoxdur deməsi...”

“Dünən Çevik ləqəbli bir qazinin Qəbələdə iki şəxs tərəfindən döyüldüyü barədə xəbərlər addımbaşı qarşıma çıxdı. Çevik özünü ateist kimi təqdim edərək din mövzusunda canlı yayımda müzakirələr aparırdı”.

1xeber.media  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Fazil Mustafa bildirib.

O, “Çevik” ləqəbli TikTokerin döyülməsinə münasibət bildirərək qeyd edib ki, kiminsə “Allah yoxdur!” deməsi Allahı yox etmir: 

“Doğrusu, bir-iki dəfə izlədim, üslubunu bəyənməsəm də, müzakirəyə qoşulan dinçilərin də bir çox hallarda köntöy və dözümsüz yanaşmasını da uyğunsuz gördüyümü söyləyə bilərəm. Əlbəttə, mədəni üslubda müzakirəyə qoşulanların olması da təqdirəlayiq sayıla bilərdi.

Bununla belə ölkəmizdə tüğyan edən Allah qoruyuculuq, din qoruyuculuq, məzhəb-təriqət qoruyuculuq xəstəliyi bu cür vəhşi metodlarla insanların susdurulmasına gətirib çıxarırsa, buna biganə qalmaq olmaz. Hətta bir sıra ideoloji xəstə dinçinin öz statuslarında: “Çevikin “Allah yoxdur!” deməsi bizim inancları təhqir edir” məzmunlu qəzəb püskürməsi tam bir terrorçu zehniyyətin özü kimi anlaşılmalıdır. Çünki kiminsə “Allah yoxdur!” deməsi Allahı yox etməz, əksinə, bir inanclını daha çox Allahın varlığını idrak etmək üçün düşünməyə, araşdırmağa yönəldər”.

F. Mustafa bildirib ki, hüquq-mühafizə orqanları bu hadisənin motivlərini dəqiq araşdıracaqlar:

“Vəhşiliyin bəhanəsini Allah üzərindən gerçəkləşdirməyə çalışanların yaşamımıza gətirdiyi fəlakətlərin sayı-hesabı yoxdursa, bu hadisə üzərində də ciddi düşünməmiz lazım. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəyə onsuz da prinsipial yanaşıb məsələnin motivini dəqiq araşdıracaqlar və qanuna uyğun addımları atacaqlar.

Öncədən açıqlama verilmədiyinə görə bir şey söyləmək istəməzdim, əgər gerçəkdən “din və ya məzhəb qoruyuculuğu” niyyəti ilə bu əməl törədilmişsə, bunun “oldu-bitdi” deyib üzərindən keçmək olmaz. “Allah yoxdur!” deyən adam heç olmazsa “Vətən var!” deyib canını dövlətimizin və millətimizin yolunda fəda etmişdə, “Allah vardır!” deyib “Mənim ağam, mənim həm Vətənimdir, həm də millətimdir, mənsə onun nökəriyəm!” deyən Azərbaycan vətəndaşından daha şərəfli varlıq deyilmi?”.

Qeyd edək ki, “Çevik” ləqəbi ilə tanınan, İkinci Qarabağ müharibəsi iştirakçısı Məqsəd Bağırov bir neçə gün öncə yaşadığı Qəbələ şəhərində iki nəfər tərəfindən döyülüb.

yenisabah