Türk Dövlətləri Təşkilatında Azərbaycanın rolu niyə artır? – ŞƏRH
“Azərbaycanla Türküstan coğrafiyası arasında qarşılıqlı əlaqələr hər bir sahədə, o cümlədən siyasi və mədəni sferalarda inkişaf edir. Bu, həm Azərbaycanla Türküstan coğrafiyasını bağlayan tarixi əlaqələrin yenidən bərpa edilməsində, milli, dini və tarixi baxımdan ortaq keçmişimizin yenidən inteqrasiya olunmasında xüsusi rol oynayır. Eyni zamanda, bu münasibətlər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının müəyyənləşdirilməsinə və təşkilatın daha da güclənməsinə xidmət edir”.
Bunu politoloq Turab Rzayev 1xeber.media-ya açıqlamsında deyib.
O qeyd edib ki, digər mühüm məsələ isə Qırğızıstanın Azərbaycanla ortaq tarixi, dini və dil bağlarından əlavə, gələcəyə yönəlmiş layihələrdə də iştirak edə bilməsidir:
“Bu baxımdan bizim üçün ən maraqlı istiqamətlərdən biri Orta Dəhlizdir. Orta Dəhliz Çin və Şərqi Asiya ilə Avropanı birləşdirəcək mühüm nəqliyyat marşrutudur. Eyni zamanda, bu dəhliz Türkiyə ilə Mərkəzi Asiyanı, yəni Türküstan coğrafiyasını birləşdirəcək. Azərbaycan isə burada mərkəzi rol oynaya bilər. Orta Dəhlizin iqtisadi səmərəliliyinin artırılması və tranzit imkanlarının genişləndirilməsi baxımından Qırğızıstanın da iştirakı əhəmiyyətlidir. Çünki Qırğızıstan ərazisindən Çinə birbaşa dəmir yolu bağlantısının yaradılması istiqamətində işlər aparılır. Bu layihə reallaşdıqdan sonra Çin Qırğızıstan üzərindən Qafqaz, Türkiyə və daha sonra Avropa ilə daha səmərəli şəkildə əlaqələnə bilər. Bundan başqa, son illərdə Azərbaycan xarici siyasətində Türküstan coğrafiyasına daxil olan ölkələrlə ikitərəfli münasibətlərin dərinləşdirilməsinə xüsusi önəm verir. Xüsusilə Azərbaycan Prezidentinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistana səfərləri bu baxımdan əlamətdardır”.
Politoloqun sözlərinə görə, bu yaxınlarda Özbəkistanla əbədi dostluq haqqında müqavilənin imzalanmasını da qeyd etmək olar:
“Bu, çox müsbət və əhəmiyyətli presedentdir. Gələcəkdə Qırğızıstan, Qazaxıstan və digər türk dövlətləri, o cümlədən Türkmənistanla da bu istiqamətdə analoji sənədlərin imzalanması mümkündür. Bu, həm Türküstan coğrafiyasının Azərbaycanla inteqrasiyasının daha da gücləndirilməsinə, həm də gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə Azərbaycanın ikitərəfli münasibətlərinin daha möhkəm hüquqi və siyasi əsaslara söykənməsinə imkan verə bilər. Azərbaycanın Türkiyə ilə belə bir müqaviləsi var, Özbəkistanla da bu istiqamətdə mühüm sənəd imzalanıb. Digər türk dövlətləri ilə də bu cür müqavilələrin imzalanması münasibətlərin daha da dərinləşməsinə və nəticə etibarilə Türk Dövlətləri Təşkilatının daha güclü və daha sıx inteqrasiya olunmuş quruma çevrilməsinə şərait yarada bilər. Bu prosesdə Azərbaycan mühüm və mərkəzi rol oynaya bilər”.
Aysel Timur