Ukraynanın 3 sentyabrda Moskva vilayətinə PUA hücumlarının əsas məqsədinin Rusiya hava hücumundan müdafiə sistemini zəiflətmək və mülki aviasiyanın fəaliyyətinə maneələr yaratmaq olduğu iddia edilir.
1xeber.media xəbər verir ki, bu barədə “Arxangel spetsnaza” Telegram kanalı yazıb. Kanalın müəllifləri hücumların Vladimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olması barədə son açıqlamaları ilə əlaqəli ola biləcəyini bildiriblər.
Zelenski daha əvvəl Rusiya hava məkanının aviasiya üçün faktiki olaraq bağlanacağını açıqlamışdı. Rusiya Prezidenti Vladimir Putin isə bu bəyanatı “dövlət terrorizminə müraciət” kimi qiymətləndirərək, mülki aviasiyaya qarşı real hücumlar baş verəcəyi təqdirdə cavab veriləcəyini deyib.
Sentyabrın 3-də Moskva vilayətinə kütləvi PUA hücumu qeydə alınıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun məlumatına görə, gecə ərzində region üzərində 56 PUA məhv edilib.
Kubinkada PUA çoxmərtəbəli binaya düşüb, binanın bir neçə mərtəbəsində yanğın baş verib. Pavlovski Posadda digər yaşayış binasına PUA düşməsi nəticəsində səkkiz mənzilin pəncərələri sınıb. Böyük Bunovka kəndində isə PUA zavod ərazisinə düşüb və yanğın başlayıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı barədə sonrakı məlumat yayılıb.
Hücumlar fonunda Moskvanın Şeremetyevo və Domodedovo hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər də tətbiq edilib.
Qeyd edək ki, PUA hücumlarının konkret məqsədinin mülki aviasiyanın fəaliyyətini pozmaq olması barədə iddia Rusiya mənbələrinin versiyasıdır.