Вернуться назад Распечатать

Maaşlarla bağlı açıqlama — 2000 manat və daha artığı...

Azərbaycanda yüksək əməkhaqqı alan işçilərin payı hələ də aşağıdır. 2025-ci ilin noyabrında tam ay işləyənlərin 8,7%-nə 2 001 manat və daha yüksək əməkhaqqı hesablanıb. Ən yüksək göstərici mədənçıxarma, maliyyə və sığorta sektorlarında, ən aşağı göstəricilərdən biri isə təhsil sahəsində qeydə alınıb.

Azərbaycanda yüksək əməkhaqqı alanların payının aşağı olması nə ilə bağlıdır və bu göstəricinin artırılması üçün hansı addımlar atılmalıdır?

1xeber.media xəbər verir ki,Demokrat.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanda median əməkhaqqı hesablanmır, orta əməkhaqqı hesablanır:

“Ona görə də əməkhaqqının yuxarı həddi ilə aşağı həddi arasındakı fərqlər çox da görünmür. Amma ümumiyyətlə götürdükdə, bizdə yüksək əməkhaqqı dövlət sektorunda da mövcuddur. Son dəyişikliklərdən sonra bu, növbəti ilin statistikasında daha aydın görünəcək. Dövlət orqanlarında kateqoriyasından asılı olaraq çalışan şəxslərin əməkhaqları artırılıb. O cümlədən Milli Məclisin deputatlarının, eləcə də digər dövlət təşkilatlarının bir çoxunda əməkhaqları ümumiləşdirilib və vahid əməkhaqqı sisteminə keçirilib. Bu dəyişikliklər də növbəti illərin statistikasında öz əksini tapacaq. Adi iş yerlərində, büdcə təşkilatlarında və kommersiya qurumlarında əməkhaqqı kifayət qədər aşağıdır. Kommersiya qurumları arasında dövlətin tabeliyində olan və ya xarici şirkətlər var ki, burada əməkhaqqı göstəriciləri daha yüksək görünür. Amma bəzi kommersiya qurumlarında, məsələn, ikili mühasibatlıq və digər hallar səbəbindən əməkhaqları kifayət qədər aşağı göstərilir. Belə hallar da mövcuddur. Ona görə də bu istiqamətdə dəqiq qiymətləndirmə aparmaq çətindir”.

Sahib Məmmədov qeyd edib ki, bu 8,7 faiz ümumiləşdirilmiş rəqəmdir:

“Bizdə 15-20 min manat və daha çox əməkhaqqı alan şəxslər də var. Eyni zamanda, 400 manat minimum əməkhaqqı həddində qazananların da sayı xeylidir. Yaxud 400 manatdan bir qədər çox, 500-1000 manat aralığında əməkhaqqı alanlar da kifayət qədər çoxdur. Ona görə də ən yüksək əməkhaqqı alan şəxslə ən aşağı əməkhaqqı alan şəxs arasında kəskin fərqlər mövcuddur. Bəzən bu fərq yüz dəfəyə qədər ola bilir. Hazırda, məsələn, tibb işçilərinin əməkhaqlarının artırılması müsbət haldır. Yəqin ki, digər büdcə təşkilatlarında da imkan daxilində bu məsələ nəzərə alınacaq. Hər halda, ölkə Prezidentinin bu məsələ daim diqqətində olur”.