Lənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukturunun müasirləşdirilməsi istiqamətdə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Cari ilin infrastruktur layihələrinə uyğun olaraq, şəhər ərazisindəki 15 küçədə əsaslı təmir və asfaltlanma işlərinin aparılması nəzərdə tutulub.
1xeber.media xəbər verir ki, yenidənqurma işləri çərçivəsində asfalt örtüyü döşənəcək küçələrin tam siyahısı müəyyənləşdirilib. Tədbirlər Planına əsasən, Arif Bağırov, M.Maqomayev, Nizami, Ş.Xiyabanı döngə 4, Emil Qurbanov (bir hissəsi), Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Hənifə Abdullayev dalan 1, Kamil Kazımov döngə 1, Barat Şükürov, Natiq Manafov və M.M.Axund küçələrində (bir hissəsi)təmir işləri həyata keçiriləcək.
Hazırda layihənin icrası çərçivəsində Vaqif Hüseynov dalan 1, Ramin Rzayev, Hənifə Abdullayev dalan 1 və Barat Şükürov küçələrində ilkin hazırlıq işlərinə başlanılıb. Bu ərazilərdə yol yatağının hamarlanması və asfaltlanmaya hazırlıq prosesi sürətlə aparılır.
Sentyabrın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov sözügedən küçələrdə aparılan təmir-tikinti işlərinin gedişatı ilə yaxından tanış olub. İcra başçısı işlərin keyfiyyətlə yerinə yetirilməsi və müəyyən olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, küçələrin qısa zamanda tam yeni və müasir görkəmdə sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.





