Azərbaycanda demoqrafik vəziyyət yaxşı deyil: doğuş sayı kəskin azalıb. 10 ildir ki, hər il azalmaqda davam edir. Müstəqilliyimizin ilk illərində 194 min uşaq dünyaya gəlmişdisə, keçən il doğuş sayı 95 minə qədər azalıb. Yəni həmin dövrlə müqayisədə iki dəfə azalma var.
1xeber.media xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Globalinfo.az-a geniş müsahibəsindən deyib.
“Lakin bu o demək deyil ki, uşaqpulu verilən kimi doğuş sayı artacaq. Uşaqpulunun verilməsi demoqrafik vəziyyətə müsbət tendensiya kimi təsir göstərə bilər.
Ümumiyyətlə, bu gün Azərbaycanda onsuz da uşaqpulu verilir. Beş yüz mindən çox uşağa müxtəlif adlarla bu vəsait ödənir. İndi onu sistemləşdirmək lazımdır. Bundan sonra ölkədə 2,7 milyon 0-18 yaş arası uşaq var. Mərhələ-mərhələ prosesi yerinə yetirmək olar.
Məsələn, ilk mərhələdə 2-ci uşağa – onların sayı 920 mindən çoxdur – hərəsinə 100 manat vermək olar. İkinci mərhələdə artıq 3-cü, daha sonra 4, 5 və sair bu formada gedə bilər. İlkin mərhələdə 1 milyard manat vəsait lazımdır.
Mərhələli proqram tərtib etmək lazımdır. Hökumətin yerində olsaydım, elan edərdim ki, “5 illik proqramımız var, ilkin mərhələdə 100 manat ikinci uşağa, ikinci mərhələdə 150 manat üçüncü uşağa veriləcək” və sair.
İndi populizm həddindən artıq çoxdur. Bəzi ekspertlər böyük məbləğdə vəsaitlərin ödənilməsini tələb edirlər ki, 500-1000 manat verilsin. Amma bu doğru yanaşma deyil. Bu məsələ elmi-praktiki cəhətdən həllini tapmalıdır”.