“Survivor Yunanıstan” iştirakçısı Stavros Floros keçirdiyi qayıq qəzası nəticəsində ayağını itirdikdən sonra Acun Ilıcalı və prodakşn şirkətlərinin də daxil olduğu tərəflərə qarşı 100 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.
1xeber.media xəbər verir ki, “Survivor Yunanıstan”ın 13-cü mövsümündə iştirak edən 22 yaşlı Stavros Floros Dominikan Respublikasında çəkilişlər zamanı baş verən ağır qəza nəticəsində sol ayağını itirib. Bundan sonra o, hüquqi mübarizəyə başlayıb.
Gənc iştirakçı açıq dənizdə nizə ilə balıq ovlayarkən turist qayığının pərininə ilişib. O, səhlənkarlıq iddiası ilə “AcunMedya” prodakşn şirkəti və “SKAI TV” telekanalına qarşı 100 milyon dollardan çox təzminat tələbi irəli sürüb.
Florosun sentyabrın 3-də məhkəməyə təqdim etdiyi iddia ərizəsində proqramın prodüserləri ciddi səhlənkarlıqda ittiham olunub. İştirakçı bildirib ki, proqram formatı açıq dənizdə nizə ilə balıq ovlamağı tələb edib və Dominikan Respublikasının Bayahibe bölgəsi yaxınlığında turistlərin sıx olduğu sularda kifayət qədər təhlükəsizlik tədbirləri görülmədən dənizə buraxılıb.
İddialara görə, qəza zamanı ərazidə təhlükəsizlik qayıqları, müşahidəçilər, qorunan zonalar və ya xəbərdarlıq nişanları olmayıb. Floros həmçinin həmin sularda əvvəllər də qəzaların baş verdiyini və ölüm hadisəsinin qeydə alındığını iddia edib.
May ayında baş verən qəza zamanı qayıq pərinin zərbəsi nəticəsində sol ayağı qopan gənc iştirakçı bildirib ki, qopmuş əza sudan heç vaxt çıxarılmayıb.
Floros həyatını ona çırpılan qayıqdakı xarici ölkə vətəndaşı olan sərnişinin qanaxmanı dayandırmaq üçün turniket tətbiq etməsinə borclu olduğunu deyib. Qəzadan dərhal sonra o, Mayamidəki xəstəxanaya çatdırılıb.
İki ay xəstəxanada müalicə alan iştirakçı sol ayağının amputasiyası ilə yanaşı, ağır yaralanmış sağ ayağının bərpası üçün çoxsaylı mürəkkəb əməliyyat keçirib.
Təzminat tələbinin məbləği keçmişdə və gələcəkdə yaşanacaq fiziki ağrı, psixoloji travma və həyat keyfiyyətinin itirilməsi əsas gətirilərək 100 milyon dolları ötür.
İddianın tərəflərindən biri olan “AcunMedya” bildirib ki, qəza çəkilişlərə fasilə verilən zaman və iştirakçının realiti-şou çərçivəsindəki yarış prosesindən tamamilə kənar olaraq nizə ilə balıq ovladığı vaxt baş verib.
Şirkətin açıqlamasında qeyd olunub ki, hadisənin ilk anlarından yaralı iştirakçıya tibbi yardım göstərilib və onun təhlükəsiz şəkildə xəstəxanaya çatdırılması təmin edilib. Liman orqanlarının qəzanın bütün hallarını müəyyənləşdirmək üçün araşdırma apardığı bildirilib.
Yayımçı “SKAI TV” isə ağır hadisədən sonra “Survivor Yunanıstan” proqramının yayımını dayandırıb. Telekanal çəkiliş prosesinin tamamilə “AcunMedya”nın nəzarəti və məsuliyyəti altında həyata keçirildiyini vurğulayıb.
“SKAI TV” həmçinin iştirakçının səhhətini yaxından izlədiyini və müalicə və reabilitasiya xidmətlərinə mümkün olan bütün dəstəyi göstərəcəyini açıqlayıb.