Вернуться назад Распечатать

Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...

Bakının metro stansiyalarında qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı açıqlanan qiymətlər ciddi reronans doğurub. Eyni zamanda, xüsusilə sərnişin axınının yüksək olduğu stansiyalarda müxtəlif ölçülü ticarət və xidmət obyektlərinin fəaliyyət göstərməsi təhlükəsizlik məsələsini də gündəmə gətirir. 

Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyalarda yerləşən bir sıra sahələr kommersiya məqsədilə icarəyə çıxarılıb. Qiymətlər 200 manatdan başlayır və bəzi obyektlərdə aylıq icarə haqqı 3000 manata çatır.

Məsələn, “İçərişəhər” stansiyasında 35,4 kvadratmetrlik obyekt üçün minimum aylıq icarə haqqı 3000 manat müəyyənləşdirilib. “28 May”, “Elmlər Akademiyası”, “Qara Qarayev”, “Xalqlar Dostluğu”, “Xətai” və digər stansiyalarda da ticarət sahələri təklif olunur.

Burada isə əsas sual obyektlərin neçəyə icarəyə verilməsi deyil. Əsas məsələ onların metro stansiyalarında hansı nöqtələrdə yerləşdirilməsi və fövqəladə vəziyyət zamanı sərnişinlərin təxliyəsinə necə təsir göstərə bilməsidir.

Metro adi ticarət məkanı deyil

Metro stansiyası hər gün minlərlə insanın istifadə etdiyi nəqliyyat infrastrukturu olmaqla yanaşı, insanların kütləvi şəkildə hərəkət etdiyi mürəkkəb, strateji obyektdir. Bakı Metropoliteninin öz qaydalarında da əsas məqsədin sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi qeyd edilir. Həmin qaydalara görə, metropoliten ərazisində kommersiya fəaliyyətinə rəhbərliyin icazəsi olmadan yol verilmir. Bu isə o deməkdir ki, ticarət obyektinin mövcudluğu öz-özlüyündə əsas problem deyil. Əsas məsələ onun sərnişin təhlükəsizliyi baxımından hansı şərtlərlə yerləşdirilməsi və istismar edilməsidir.

Fövqəladə vəziyyətdə saniyələr daha önəmli deyil?

Təsəvvür edək ki, metro stansiyasında yanğın, tüstülənmə, partlayış təhlükəsi və ya kütləvi panikaya səbəb olan başqa hadisə baş verir. Belə vəziyyətdə yüzlərlə, hətta minlərlə insan eyni anda çıxışlara doğru hərəkət edə bilər. Bu zaman normal şəraitdə problem yaratmayan - vitrin - reklam konstruksiyası,piştaxta, masa və stullar, satış avadanlığı, növbə yaradan müştərilər, obyekt qarşısında toplaşan insanlar fövqəladə vəziyyətdə əlavə maneəyə çevrilə bilər.

Məhz buna görə metro kimi obyektlərdə əsas suallardan biri evakuasiya yollarının daim sərbəst saxlanılmasıdır. Elə isə, diqqət edək? İcarə üçün çıxarılan obyektlər harda yerləşir və onlar evakuasiya vəziyyətində sərnişinlərə mane ola bilərmi? Şəkillər diqqətlə baxaq və hər şey aydlın olacaq... 

“Obyekt sərnişinin yolunu bağlamır” demək kifayətdirmi?

Dünyada yanaşma necədir?

Metro sistemlərində ticarət fəaliyyəti tamamilə mümkünsüz deyil. Lakin müxtəlif ölkələrdə əsas prinsip ondan ibarətdir ki, kommersiya fəaliyyəti sərnişinlərin təhlükəsiz təxliyəsini zəiflətməməlidir. Məsələn, Sinqapurun sürətli nəqliyyat sistemləri üçün yanğın təhlükəsizliyi normalarında ticarət obyektlərinin qaçış yollarına yaxın yerləşdirilməsi zamanı əlavə məsafə, tüstüdən mühafizə və yanğına davamlı ayırma kimi tələblər nəzərdə tutulur.

Yəni yanaşma sadədir, ticarət ola bilər, amma təhlükəsizlik hesabına yox.

Bakı metrosunda isə ictimaiyyət nəyi bilməlidir? “Bakı Metropoliteni”nin qaydalarında stansiyalarda ticarət və xidmət fəaliyyətinin müəyyən şərtlərlə həyata keçirilməsi mümkündür. Buna görə məsələni “metroda obyektlərin olması qanunsuzdur” kimi təqdim etmək doğru olmaz.

Amma ictimaiyyət üçün açıq qalmalı suallar var -  icarəyə verilən hər bir sahə üzrə ayrıca evakuasiya hesablaması aparılıbmı?  Yanğın və ya digər fövqəladə hadisə zamanı obyektlərdəki malların və avadanlıqların evakuasiya yoluna çıxmasının qarşısı necə alınır?

Metro stansiyasında obyektin icarəyə verilməsi ilə iş bitmir. Əsas məsələ obyektin fəaliyyətə başladıqdan sonra da təhlükəsizlik tələblərinə uyğun saxlanılmasıdır.

Çünki bu gün boş olan 8 kvadratmetrlik sahə sabah vitrin, reklam lövhəsi, məhsul qutuları və qarşısında növbə ilə birlikdə daha böyük fiziki maneəyə çevrilə bilər. Buna görə də ticarət obyektlərinə nəzarət yalnız icarə müqaviləsi ilə məhdudlaşmamalı, gündəlik təhlükəsizlik və evakuasiya tələblərinin icrasını da əhatə etməlidir.

Metroda mağaza varsa, fövqəladə vəziyyətdə həmin mağaza və onun fəaliyyəti minlərlə insanın təhlükəsiz şəkildə stansiyadan çıxmasına heç bir maneə yaratmayacağına kim və necə zəmanət verir?

Məhz bu suala “Bakı Metropoliteni” QSC-nin və aidiyyəti təhlükəsizlik qurumlarının konkret cavabı maraqlı olardı./bizimesr.media/