4 sentyabr 2026-cı il tarixində Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən "Zirə Eko Park"da şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
1xeber.media xəbər verir ki,tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, RİH Aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, idarə və müəssisə rəhbərləri, eləcə də qəsəbə ağsaqqalları və sakinləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək şəhid polkovnik Füzuli Cavadovun keçdiyi şərəfli hərbi xidmət yolundan və Vətən qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. O, qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinin və onların irsinin gələcək nəsillərə çatdırılmasının mənəvi borc olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxışında şəhid ailələrinə göstərilən qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Deputat şəhid Füzuli Cavadov kimi fədakar zabitlərin cəsarətinin xalqımız üçün qürur mənbəyi olduğunu və onun xatirəsinin hər zaman ehtiramla anılacağını bildirib.
Tədbirdə söz alan digər qonaqlar şəhid polkovnik haqqında xatirələrini bölüşərək onun insani keyfiyyətlərini və peşəkar komandir kimi nümunəvi fəaliyyətini qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, fədakar zabitin ömür salnaməsi və döyüş yolu gənclər üçün əsl vətənpərvərlik məktəbidir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar Füzuli Cavadovun adının uca tutulmasının ailə üçün böyük mənəvi təsəlli olduğunu vurğulayıblar.
Anım tədbiri Muğam müsabiqəsinin iştirakçısı Vüqar Əbilovun ifasında səslənən vətənpərvərlik ruhundakı musiqi nömrələri ilə davam edib və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.





