“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”.
Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində belə demişdi. Dövlətimizin başçısı Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayaraq, bildirmişdi ki, bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.
Sitat: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
İlham Əliyevin necə də haqlı olduğu bu, ağır günlərdə bir daha təsdiqləndi. 25 dekabrda, sərnişin təyyarəmizə namərdcəsinə, xaincəsinə qəsd edilməsinə, ondan sonra hər dəqiqəsi il kimi ağır keçən günlərdə dərdimizə şərik olanlar, kədərimizi öz kədəri hesab edənlər sırasında məhz ÖZÜMÜZün olması, Türk Dünyasının baş verənlərə səmimi şəkildə üzülməsi dövlət başçımızı yenə də haqlı çıxartdı. Baxın, qəhrəman pilotlar “yaralı” təyyarəmizə enmək imkanı verməyənlərin heç istəmədiyi bir ünvana – Türk elinə üz tutur, hava limanına çatmağa az qalmış məcburi enişini edir. Düşmənlər heç istəməzdilər bu eniş Aktauda – Qazax türklərinin yurdunda olsun. Heyətin 29 üzvünün sağ qalması çox planları pozdu, onlar hesab edirdilər ki, “şahid olmasa, yaxşıdır”.
Bu gün şahidlər danışır, həqiqətlər açılır, 21-ci əsrdə necə dəhşətli cinayətin törədildiyi bütün dünyaya faş olur, maskalar cırılır. Məhz təyyarəmizin son nəfəsində Türk torpağına endirilməsinə nail olunduğuna görə. Qazaxıstan dövlətinə çox minnətdarıq. Bu minnətdarlığı dövlətimizin başçısı dilə gətirib, adamı mütəəssir edən açıqlama yayıb Prezidentin mətbuat xidməti.
Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar.
Prezident İlham Əliyev ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan Prezidenti Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib, yaralananların böyük hissəsinin artıq Vətənə döndüyünü və hələ də orada müalicə olunan Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıb.
Dövlət başçısı bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyin bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.
Öz növbəsində, Kasım-Jomart Tokayev bildirib ki, təyyarə qəzasının araşdırılması ilə bağlı onun tapşırığı ilə dərhal xüsusi komissiya yaradılıb, “Embraer” şirkətinin nümayəndələri artıq Qazaxıstana gəliblər və araşdırma işlərində fəal iştirak edirlər.
Telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq.
İki qardaş lider ortaq kədərlərini bölüşüblər, bununla “Bizim bir ailəmiz var, sevinci də, kədəri də ortaqdır”-mesajını veriblər.
Bir neçə gün əvvəl Türk dövlətlərinin liderləri Azərbaycan Prezidentini doğum günü ilə bağlı təbrik etmişdilər, eyni səmimiyyətlə. Çox təəssüf ki, kədərli mövzu bu günlərdə müzakirə mövzusudur. Amma Türkün tarixində belə sınaqlar çox olub, sındıra bilməyiblər! Qardaş Türkiyə də ilk andan Azərbaycanın kədərinə bizim qədər üzülür, Prezident Ərdoğan başda olmaqla, bütün komanda bizim yanımızdadır.
Baxın, Türkiyə, Qazaxıstan, İran və digər ölkələrdəki səfirliyimizə həmin ölkələrin rəsmiləri, ordu rəhbərliyi, diplomatları təşrif buyurur, xatirə kitabına ürək sözlərini yazırlar, dövlətimizə, millətimizə təskinlik verirlər. Hətta Nikol Paşinyan belə, hadisə baş verən gün insani münasibət göstərdi. Amma biriləri elə hesab edirlər ki, heç vaxt ölməyəcəklər, heç vaxt başlarına müsibət gəlməyəcək, Azərbaycanın faciəsini görməzdən gəlirlər. Bu, qansızlıqdır, əclaflıqdır, riyakarlıqdır! 13 yaşlı Məhəmmədəlinin, o məsum uşağın həyatına son qoyanlar, bu faciəyə sevinənlər Allahın cəzasını gec-tez alacaqlar!
Rusiyadan gələn reaksiya – daha doğrusu, biganəlik - xalqımızı haqlı olaraq qəzəbləndirib. Bəs 22 fevral 2022-ci ilin 43 maddəlik müttəfiqlik sazişi? Bəs, qonşuluq? Bəs, dostluq?! Axı, Rusiya rəhbərliyi hər dəfə Azərbaycanda rus dilinə xüsusi münasibətin olduğunu bəyan edir, bunu ölkəmizə münasibətdə önəmli hadisə kimi vurğulayırdı. Qəsdlə, yaxud bilməyərəkdən vurulan təyyarədəkilərin bir çoxu ya rusca təhsil almışdılar, ya rus millətindən olanlr idilər, yaxud da Rusiya ilə dolayı, birbaşa bağlı olanlar idi. Rusiya vətəndaşları da həlak olub, yaralanıb bu hadisədə. Bu faktlar Rusiya rəhbərliyinə doğrudanmı heç nə demir?! Başa düşürük, Ukraynada yüz minləri güdaza verən ölkə üçün bəlkə də bir neçə nəfəri itirmək o qədər də böyük hadisə deyil. Amma...
Heç olmasa rusiyalı politoloq və jurnalist Maksim Şevçenko qədər olmadılar? “Qroznıya ən yaxın aerodromlar Dağıstanda Mahaçqala, İnquşetiyada Maqas, Osetiyada Beslandır. Təyyarəni Mahaçqalaya niyə endirmədikləri heç də aydın deyil! Pilotlarla dərc olunmuş danışıqlara əsasən, bu, ən sadə və təbii həll yolu idi. Təyyarə Qroznıya enə bilməyib. Orada əslində hava döyüşü gedirdi. Mahaçqalada isə rahat eniş edə bilərdi. Mahaçqala və Dağıstanın ən böyük hava limanının sahiblərinə hər hansı sualı olan varmı?”, deyib. “Bakıdan üzr istəyin, münaqişə yaratmayın”, söyləyib. Halal olsun!
Doğrudanmı hadisənin heç olmasa bilməyərəkdən törətdildiyini etiraf edib, keçmiş olsun deyə bilmirlər? Bu, nə özündən müştəbehlik, nə ədabazlıq?! Beynəlxalq hüquqdan danışmırıq, konvensiyalardan söz açmırıq, onları çoxdan tapdayıblar, hələ Rasputin dövründən...Heç olmasa hazırda sanksiyalar burulğanında qalmalarına görə, Azərbaycanın bir çox hallarda elə Rusiya ilə əməkdaşlığa görə başağrısına mübtəla olmasına görə...Çeçenistanın Kadırovu bəlli. O boyda fəlakətin baş verdiyi gün döyüşçülərini mükafatlandıran qanqsterdən nə gözləyəsən? Amma bəs, prezident Putin, digər dövlət rəsmiləri, Lavrov? Diplomatik münasibət bildirmək, Azərbaycan Prezidentinə, XİN rəhbərinə, Baş nazirə, Milli Məclis sədrinə zəng edib, üzrxahlıq etmək, başsağlığı vermək çoxmu çətindir? Üzüyünün qaşımı düşər bunların?
2020-ci ilin 9-10 noyabr gecəsi Naxçıvan istiqamətində müəmmalı helikopter qəzasını unutmadıq. Boynumuza qoydular ki, siz eləmisiz...Azərbaycan necə davrandı? Dövlət kimi!!! Qarabağdakı antiterror hadisəsi zamanı ordumuzun qarşısını kəsməyə çalışan rus hərbçilərin ölümü ilə bağlı da eyni şəkildə, əsl dövlət olaraq münasibət sərgilədik. Amma Rusiya ərazisində vurulan, üstəlik, 3 hava limanından birinə belə, enməsinə imkan verilməyən təyyarənin qurbanlarına görə normal insani münasibət görmürük. Yaralarımızı qardaşlarımız sarıyır. Hadisəni araşdırmaq üçün də qardaş Türkiyədən mütəxəssislər gedib, qazax ekspertlərlə birgə çalışırlarlar. Tarix boyunca çoxsaylı “qara qutu”ları yoxa çıxaran ölkə isə çox pərtdir, bu dəfə istədiyi alınmadı, qutu sağ qaldı. Beləliklə, sağ qalanların sayı 29 deyil, 30-dur – QARA QUTU da danışacaq! Qoy rus rəsmilər sussunlar, QARA QUTU ÇOX ŞEY DEYƏCƏK!
Bu, 366-cı alayın, sovet ordusunun Xocalı sakinlərinə qarşı soyqırımı qədər amansız hadisədir. Tarix və biz unutmayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi və millətimizi qorusun!
Elşad Paşasoy