Ultra-sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən landtaq seçkilərində böyük fərqlə qalib gəlib.
1xeber.media xəbər verir ki, AfD seçicilərin 43,8 faizinin dəstəyini qazanıb. Bununla da partiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın federal torpaqlarından birində hökumət qurmaq üçün əsas mövqeyə yüksəlib.
AfD 2021-ci il seçkiləri ilə müqayisədə nəticəsini iki dəfədən çox artırıb. Partiya bundan əvvəl ən yüksək nəticəsini 2024-cü ildə Türingiyada 32,8 faiz səslə göstərmişdi.
Federal torpaq səviyyəsində hakimiyyət polis, təhsil və mədəniyyət sahələrinə nəzarət imkanını da əhatə edir.
Almaniyanın daxili kəşfiyyat orqanı AfD-ni “sağçı-ekstremist” partiya kimi qiymətləndirir. Partiyanın rəhbərliyi isə bu ittihamları rədd edir.
Bununla belə, AfD-nin seçkidə qələbəsi parlamentdə mütləq çoxluq əldə etməsi demək deyil. 83 deputatlıq landtaqda çoxluq üçün 42 mandat tələb olunur, AfD isə 39 mandat qazanıb. Digər əsas partiyalar isə AfD ilə koalisiya qurmaqdan imtina etdiklərini bildiriblər.