6 sentyabr 2026-cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, şair və qəzəlxan Arif Buzovnalının xatirəsinə həsr olunmuş “Ömrün ötən anları” adlı xatirə gecəsi keçirilib.
1xeber.media xəbər verir ki,tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, RİH Aparatının məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, tanınmış mədəniyyət və incəsənət xadimləri, şairin ailə üzvləri, yaxınları və yaradıcılığının çoxsaylı pərəstişkarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tanınmış şair Arif Buzovnalının Azərbaycan poeziyasında özünəməxsus yaradıcılıq yolu keçdiyini, milli-mənəvi dəyərlərə bağlılığı və zəngin ədəbi irsi ilə seçildiyini vurğulayıb. Şairin yaradıcılıq irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışan rayon rəhbəri onun xatirəsinə göstərilən ehtiramın böyük mənəvi dəyər daşıdığını qeyd edib.
Çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov Arif Buzovnalının klassik poeziya ənənələrini layiqincə yaşadan dəyərli söz sənətkarı olduğunu bildirib. Deputat şairin zəngin ədəbi irsinin, xalqımızın milli-mənəvi ruhuna sadiqliyinin və səmimi insani keyfiyyətlərinin hər zaman ehtiramla xatırlanacağını diqqətə çatdırıb.
Şairlə bağlı xatirələrini bölüşən digər natiqlər onun söz sənətinə münasibətindən, zəngin yaradıcılıq dünyasından və Azərbaycan poeziyasına verdiyi töhfələrdən, Arif Buzovnalının Azərbaycan ədəbiyyatında, xüsusilə qəzəl və əruz poeziyasında özünəməxsus mövqeyə malik olduğunu bildiriblər.
Xatirə gecəsində Arif Buzovnalının yaradıcılığına geniş yer verilib. Onun şeirləri və qəzəlləri tanınmış incəsənət xadimləri tərəfindən səsləndirilib, müxtəlif musiqi nümunələri ifa olunub.
Şairin tələbələrinin, ailə üzvlərinin və sənət dostlarının iştirak etdiyi tədbirdə Arif Buzovnalının yaradıcılıq irsi, söz sənətinə və poeziyaya olan sevgisi bir daha ehtiramla yad edilib.


