Вернуться назад Распечатать

Aİ Qrenlandiyaya 200 milyon dollar yatıracaq

Avropa İttifaqı (Aİ) Qrenlandiya ilə əlaqələri gücləndirmək məqsədilə adanın iqtisadiyyatına 200 milyon dollar sərmayə yatıracaq.

1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Sərmayə paketini Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə iki günlük səfəri zamanı açıqlayıb.

Vəsaitin faydalı qazıntıların hasilatının inkişafına, bərpa olunan enerjiyə və peyk rabitəsinə yönəldilməsi nəzərdə tutulur.

Fon der Lyayen bildirib ki, bu addım Qrenlandiyanın Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istəyini və Avropanın adanın işlərinə daha fəal cəlb olunmaq marağını əks etdirir.

Aİ-nin vəd etdiyi 200 milyon dollarlıq investisiya Qrenlandiyanın illik ÜDM-nin təxminən 7-8 faizinə bərabərdir. Bundan əvvəl Danimarka adanın infrastrukturunun inkişafı üçün 250 milyon dollarlıq paket təqdim edib. Avropa Komissiyası isə Qrenlandiyaya maliyyə dəstəyini yeddi il ərzində 530 milyon avrodan çox artırmağı təklif edib.