Ukrayna Silahlı Qüvvələrinə məxsus yüzə yaxın pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Rostov vilayətinə hücum edib.
1xeber.media xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri vilayətin 10 rayonunda, o cümlədən Kuybışev, Azov və Şoloxov rayonlarında təxminən 100 PUA-nı vurub.
PUA-ların qalıqlarının Çertkov rayonuna düşməsi nəticəsində quru otların alışması ilə yanğın baş verib. Qubernator yanğının söndürüldüyünü və hadisə nəticəsində xəsarət alan olmadığını bildirib.
Slyusar bölgədə PUA hücumu təhlükəsinin hələ də davam etdiyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 8-nə keçən gecə Ukrayna PUA-ları Rusiyanın Saratov vilayətinə də hücum edib. Hücum nəticəsində Saratovda infrastruktur obyektlərinə ziyan dəydiyi və xəsarət alanların olduğu bildirilib.