Вернуться назад Распечатать

Baş icraçı direktoru əvəz edən Dəyanət Sədullayev kimdir? - DOSYE

Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub. Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş İcraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub.

1xeber.media "Unikal"-a istinadən xəbər verir ki, Dəyanət Sədullayev bu ilin may ayında Baş İcraçı direktorun müavini vəzifəsinə gətirilib.

O, 10 iyun 2024-cü il tarixindən etibarən PAŞA Sığorta şirkətinin Direktorlar Şurasının üzvüdür. PAŞA Holding-in Aparat Rəhbəri vəzifəsində çalışıb.

Eyni zamanda, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) prezidentidir.

Dəyanət Sədullayev 2003 və 2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İnzibati idarəetmə üzrə müvafiq olaraq bakalavr və magistr dərəcəsi alıb, 2023-cü ildə Harvard Biznes Məktəbinin Biznes liderlik proqramınının məzunu olub.

2003-cü ildə mühasib olaraq peşəkar fəaliyyətə başlayan D.Sədullayev, neft və qaz, tikinti, istehsalat sahələri də daxil olmaqla müxtəlif istiqamətlərdə təcrübə qazanıb. 2006-11-ci illərdə E&Y məsləhət və audit şirkətində, 2011-2015-ci illərdə isə Kanadada maliyyə istiqaməti üzrə müxtəlif rəhbər vəzifələri icra edib.

O, 2015-ci ildə PMD Group şirkətində Baş Maliyyə İnzibatçısı kimi işə başlamış və 2021-2023-cü illər ərzində isə İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bununla yanaşı, D.Sədullayev PMD Groupun törəmə şirkətləri olan PMD Projects, FMG, GLC, ALC, Design Bureau şirkətlərinin Ümumi Yığıncaqlarının sədri olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, D.Sədullayev 2012-ci ildən etibarən Amerika Auditorlar Palatasının daimi üzvüdür.