Bakı küləklər şəhəridir. Bu, sadəcə şəhərin simvoluna çevrilmiş poetik ifadə deyil. Bakıda tikinti aparan hər bir şirkət, layihə hazırlayan hər bir mütəxəssis və binanı istismara qəbul edən hər bir qurum üçün bu, nəzərə alınmalı mühəndislik reallığıdır. Çünki paytaxtda güclü küləklər qeyri-adi hadisə deyil.
Həmçinin Bakı seysmik baxımdan da risksiz ərazi hesab edilmir. Bunu şəhərin yaxın tarixində baş vermiş zəlzələlər də xatırladır. Məsələn, 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ şəhər sakinlərinin yaddaşında hələ də qalmaqdadır. Zəlzələnin maqnitudası ilə bağlı müxtəlif mənbələrdə fərqli göstəricilər verilsə də, hadisə paytaxtda seysmik təhlükəsizlik məsələsinin nə qədər real olduğunu nümayiş etdirdi.
Təbii ki, həmin vaxt Bakı bugünkü Bakı deyildi. Paytaxtın siluetində indiki kimi yüzlərlə, minlərlə hündürmərtəbəli yaşayış binası yox idi. 20-30 mərtəbəli binaların kütləvi şəkildə tikildiyi indiki mənzərə formalaşmamışdı.
Bu gün isə vəziyyət tamamilə başqadır.
Bakı sürətlə şaquli istiqamətdə böyüyüb. Bir vaxtlar 5-7 mərtəbəli binaların üstünlük təşkil etdiyi ərazilərdə indi onlarla mərtəbədən ibarət yaşayış kompleksləri ucalıb və ucalmaqada davam edir.
Və burada əsas məsələ yalnız binanın neçə mərtəbəli olması deyil. Əsas olan budur ki, bu binalar küləyə və zəlzələyə qarşı hansı səviyyədə layihələndirilib, tikilib və yoxlanılıb?
Bir külək hadisəsi bu sualı yenidən gündəmə gətirdi
7 sentyabr tarixində Bakıda müşahidə olunan qismən güclü (Bakıda daha güclü küləklər olub) külək bir sıra tikililərlə bağlı köhnə problemi yenidən üzə çıxardı.
Paytaxtın müxtəlif ərazilərində dam örtüklərinin, reklam konstruksiyalarının, fasad elementlərinin və digər tikinti hissələrinin küləyin təsirindən zədələnməsi artıq təəccüblü hadisə deyil.
Lakin bu dəfə görüntülərdən biri daha ciddi müzakirəyə və düşündürməyə səbəb oldu.
“Sabah Residence” yaşayış kompleksinin binalarından birində balkon hissəsinin fasad konstruksiyasının küləyin təsirindən dağıldı. Görüntülərdə binanın balkon hissəsində fasad elementlərinin qoparaq aşağı düşdüyü, bəzi hissələrin isə binadan asılı vəziyyətdə qaldığını gördük.
Burada mühüm bir fərqi xüsusi qeyd etmək lazımdır: Söhbət binanın daşıyıcı karkasının uçmasından deyil, balkon/fasad hissəsindəki konstruksiyanın dağılaraq yerə düşməsindən gedir.
Amma məhz bu məqam məsələnin əhəmiyyətini azaltmır. Əksinə, başqa böyük suallar yaradır. Fasad konstruksiyası adi güclü küləyin təsirinə davam gətirmirsə, onun layihələndirilməsi və bərkidilməsi zamanı hansı hesablamalar aparılıb?
Fasad sadəcə “görüntü” deyil
Müasir hündürmərtəbəli binaların fasadı yalnız estetik element olmamalıdır ki, reallıqda bu elə estetik görüntüdür. Xüsusilə yüksək mərtəbələrdə küləyin təsiri yer səviyyəsindəki küləklə eyni olmur. Bina yüksəldikcə külək yükünün hesablanması daha mühüm məsələyə çevrilir. Deməli, fasadın qopması yalnız “külək çox güclü idi” ifadəsi ilə izah ediləcək qədər sadə məsələ deyil.
Burada layihə, istifadə olunan material, montaj texnologiyası, bərkidicilər, konstruksiyanın faktiki icrası və texniki nəzarət kimi məsələlər araşdırılmalıdır.
“Sabah Residence” məsələsində nə məlumdur?
Məlumatlara əsasən, “Sabah Residence” MTK-nın təsisçisi “Qala Group” MMC, rəhbəri və qanuni təmsilçisi isə Abil Səfərovdur.
“Sabah Residence” yaşayış kompleksini inşа edən “Sabah Residence” MTK “Qala Group” MMC-yə daxildir. “Qala Group” MMC-nin prezidenti və rəhbəri Orxan Mustafayevdir.
Nəhayət...
Külək zamanı balkon fasadı qopub yerə tökülən yaşayış binasını zəlzələ zamanı nə gözləyə bilər? Bu olduqca ciddi sualdır və bu suala aidiyyatı qurumlar, FHN və elə “Sabah Residence”in sahibləri cavab verməlidir.
Ədil Hüseynov