Uzun illər yalnız fantastik filmlərdə gördüyümüz uçan avtomobillər artıq reallığa çevrilməkdədir. Polşalı sahibkar Tomas Patanın hazırladığı “Jetson One” uçuş aparatı 2021-ci ildə təqdim olunub və böyük maraq doğurub. Aparata tələbatın yüksək olduğu bildirilir və 2026-cı il üçün nəzərdə tutulan bütün satışların artıq tükəndiyi açıqlanıb. Hazırda yeni sifarişlərin 2028-ci ilə qəbul edildiyi qeyd olunur.
Texnologiyanın Azərbaycana və Cənubi Qafqaza nə vaxt gətiriləcəyi isə hələlik məlum deyil.
1xeber.media xəbər verir ki, Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, bununla bağlı Azərbaycana, Cənubi Qafqaza konkret satış və ya çatdırılma planı açıqlanmayıb:bu istiqamətdə Azərbaycana konkret satış və ya çatdırılma planı açıqlanmayıb. Onun sözlərinə görə, belə bir aparatın ölkədə istifadəsi yalnız onun alınması ilə mümkün deyil. Bunun üçün aviasiya qaydalarına uyğunluq, qeydiyyat və uçuş üçün müvafiq icazələr tələb olunur.
Ekspertin sözlərinə görə, hazırkı reallıqda Bakıda adi avtomobil kimi küçədən qalxaraq şəhərin üzərində uçmaq mümkün deyil. “Jetson One” əslində avtomobildən daha çox fərdi elektrikli uçuş aparatı, yəni eVTOL hesab olunur. Hazırkı model təxminən 20 dəqiqə havada qala, saatda 102 kilometr sürət yığa və bir uçuşda orta hesabla 18 kilometr məsafə qət edə bilir. Gələcəkdə əsas məqsəd uçuş müddətini və məsafəni artırmaq, batareyaları təkmilləşdirmək və təhlükəsizliyi yüksəltməkdir. Bununla yanaşı, bu tip uçuş aparatlarının istifadəsi üçün yeni hüquqi və texniki qaydaların hazırlanması da vacib olacaq.