Böyük Britaniya bu il vəd etdiyi 120 min drondan 25 mindən çoxunu Ukraynaya təhvil verib.
1xeber.media "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında keçirilən iclasından əvvəl bildirib.
"Biz həmçinin sələflərim tərəfindən bu il Ukraynaya 120 000 dronun tədarükü ilə bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm irəliləyiş əldə edirik. Hazırda biz 25 mindən çoxunu çatdırmışıq, daha minlərləsi isə yaxın vaxtlarda çatdırılmalıdır", - nazir deyib.
Bundan əlavə, Böyük Britaniya Ukraynaya irikalibrli artilleriya üçün döyüş sursatlarının tədarükünü davam etdirəcək. Stritinqin sözlərinə görə, Almaniya, Danimarka, Litva, Niderland, Norveç və İsveçin maliyyə dəstəyi sayəsində yaxın vaxtlarda daha on minlərlə döyüş sursatı tədarük ediləcək.
Almaniya isə Ukraynaya hərbi dəstəyi, o cümlədən "Patriot" zenit-raket kompleksləri üçün PAC-2 tutucu raketlərinin tədarükü hesabına gücləndirmək niyyətindədir. Berlin həmçinin Kiyevə dronların və uzaqmənzilli döyüş sursatlarının verilməsini davam etdirməyi planlaşdırır.