Вернуться назад Распечатать

Astana dünyanın maliyyə liderlərini bir araya gətirib

Qazaxıstanın paytaxtı Astanada IX “Astana Finance Days 2026” beynəlxalq maliyyə forumu keçirilir.

1xeber.media xəbər verir ki, “Delivering Impact. Capital in Action” şüarı ilə təşkil olunan tədbirin bu il dünyanın 80-dən çox ölkəsindən 5 500-dən artıq iştirakçını bir araya gətirəcəyi gözlənilir.

Forumda investorlar, maliyyə və texnologiya sektorlarının nümayəndələri, tənzimləyici qurumlar, dövlət institutları, beynəlxalq maliyyə təşkilatları və biznes dairələrinin rəhbərləri iştirak edir.

AFD 2026 çərçivəsində kapital bazarları və investisiya məhsulları, maliyyə sektorunda innovasiyalar, real sektorun maliyyələşdirilməsi, tənzimləmə və hüquqi mühit, eləcə də regional və transsərhəd maliyyə əməkdaşlığı müzakirə olunur.

Tədbirin əsas məqsədlərindən biri yeni investisiya imkanlarının müəyyənləşdirilməsi, biznes əlaqələrinin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlıqların qurulmasıdır.

Forum çərçivəsində AFD Exhibition sərgisi də fəaliyyət göstərir. Burada banklar, maliyyə institutları, investisiya və aktivlərin idarə edilməsi şirkətləri, fintex və texnologiya layihələri öz məhsul və həllərini təqdim edirlər.

Qeyd edək ki, 2018-ci ildən keçirilən “Astana Finance Days” Avrasiya regionunun əsas maliyyə platformalarından birinə çevrilib. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) forumun rəsmi media tərəfdaşıdır.