Вернуться назад Распечатать

"Hədəfimiz gələn ilin sonunadək aşırma gücünü 300 min TEU etməkdir" - ADY sədri

Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi onun həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzrə əhəmiyyətini daha da artırır. Dəmir yolu bağlantılarımız isə bu dəhlizlərin inkişafına xüsusi töhfə verməklə Avrasiyanın ümumi logistika zəncirində özünəməxsus yer tutur.

1xeber.media xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda Bakıda keçirilən liman rəhbərlərinin beynəlxalq konfransında deyib.

O bildirib ki, dəmir yollarına, limanlara və beynəlxalq tərəfdaşlıqlara yatırılan investisiyalar bu məqsədə xidmət edir: “Bizim üstünlüyümüz bazarları birləşdirmək və tərəfdaşlarımıza həmin bazarlara etibarlı çıxış imkanı yaratmaqdan ibarətdir. Məhz buna görə Prezident İlham Əliyevin strateji baxışı sayəsində Bakı Limanı və Azərbaycan Dəmir Yollarının vahid idarəetmə modeli çərçivəsində birləşdirilib. Ötən il bu birləşmə uğurla başa çatıb. Bu, sadəcə inzibati dəyişiklik deyildi. Bu yanaşma dəmir yolu ilə dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldırır və əməliyyat səmərəliliyinin artırılmasına – daha yaxşı əlaqələndirməyə və yüklərin daha sürətli daşınmasına imkan verir”,

“Məqsədimiz limanın aşırma gücünü daha da artırmaqdır. Bu məqsədlə Bakı Limanının inkişafının ikinci mərhələsi üzərində işlər davam etdirilir. Hazırkı 15 milyon ton illik yükaşırma gücündən əlavə 10 milyon ton gücün artırılması nəzərdə tutulur. Hazırda isə konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırıq. Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq", - deyə R.Rüstəmov qeyd edib.

QSC sədri deyib ki, sektorun qarşısında ümumi çağırışlar da var. Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik üçün və limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib edir. Məhz buna görə də AQEM çərçivəsində liman rəhbərləri konfransının keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Qeyri-müəyyənliyin artdığı bir dövrdə bu kimi görüşlər etimadın formalaşmasına, ümumi narahatlıqlarımızın praktiki fəaliyyətə çevrilməsinə kömək edir. Hesab edirəm ki, biz uzlaşdırılmış investisiyalara, rəqəmsal dəhliz quruculuğuna və sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə böyük diqqət yetirməliyik. Eyni zamanda, daha təhlükəsiz və dayanıqlı liman əməliyyatları üçün həll yollarını bölüşməliyik. Bu konfransın əhəmiyyəti həm də limanlar və dəmir yolları arasında daha yaxşı koordinasiyanın qurulmasına, ticarət axınlarının fasiləsizliyinin təmin olunmasına və müştərilərə daha keyfiyyətli xidmətlər göstərməyə imkan vermək ola bilər”.