Вернуться назад Распечатать

Təhsil ekspertindən Əmrullayevə - “Fəxr ediləsi nəticə deyil”

Sabiq deputat Etibar Əliyev Elm və təhsil naziri Emin Əmrullayevin PISA 2025-in nəticələri ilə bağlı açıqlamasına münasibət bildirib.

1xeber.media bildirir ki, nazir sentyabrın 8-də keçirilən təqdimatda Azərbaycan şagirdlərinin riyazi savadlılığının artdığını, təbiət elmləri və oxu üzrə vəziyyətin isə ürəkaçan olmadığını deyib.

Etibar Əliyev isə PISA nəticələri ilə yanaşı, Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı statistik göstəricilərə diqqət çəkərək təhsildəki real vəziyyətin daha ciddi olduğunu bildirib.

O xatırladıb ki, PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini deyil, həmin bilikləri real həyatda tətbiq etmək bacarığını ölçür: “DİM-in 2026-cı il statistikası da ciddi mənzərə ortaya qoyur. Orta statistik abituriyent riyaziyyat testlərinin təxminən 29–34 faizini, fizikanın 34–36 faizini, kimyanın 30–32 faizini, informatikanın 34–38 faizini, tarixin 24–29 faizini, coğrafiyanın isə 23–26 faizini düzgün cavablandırıb.

Əslində bu nəticələr PISA-da özünü dolayısı ilə təsdiqləyib”, – deyə o bildirib. Sabiq deputat PISA 2025-də Azərbaycanın OECD ölkələri ilə müqayisədə xeyli geridə qaldığını da vurğulayıb: “Riyaziyyat üzrə OECD ortalaması 462 bal olduğu halda, Azərbaycan 374 bal toplayıb. Təbiət elmlərində göstəricilər müvafiq olaraq 482 və 409, oxu savadında isə 463 və 422 baldır”.

Əliyev həmçinin nazirin təhsildə coğrafi fərqləri önə çəkməsini tənqid edib: “Real vəziyyətimiz belədir. Nazirin fəxarətlə Bakı məktəblilərinin region məktəblilərini üstələməsi fikri isə qəbuledilməzdir. Bu gün bütün dünyada təhsilin qarşısında duran əsas problem keyfiyyətdə coğrafi faktorun aradan qaldırılmasıdır”.

O, 2000-ci ilin DİM statistikasını da xatırladıb. Bildirib ki, həmin vaxt 9-cu sinif şagirdlərinin 50 faizi birinci mərhələ riyaziyyat imtahanında vərəqələrini heç nə yazmadan təhvil verib. Əliyevin fikrincə, bütün bu göstəricilər Azərbaycanda təhsilin keyfiyyəti ilə bağlı problemin yeni olmadığını göstərir.