Cari ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1 176.7 manata çatıb. Bu da illik müqayisədə 7.2 %-lik artım deməkdir. 2 026-cı ilin yanvar-iyun aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1174,4 manat təşkil edib. (aylıq müqayisədə 2.3 manat artım)
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən İqtisad elmləri doktoru, professor, IV çağırışda deputat olmuş Rüfət Quliyev bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ki, bazar iqtisadiyyatı yolu ilə irəliləyir və inkişaf edir:
“Bunu bütün makroiqtisadi göstəricilər də təsdiq edir. O cümlədən, ən böyük göstəricilərdən biri odur ki, ümumi daxili məhsulun 80 faizindən çoxu özəl sektorda istehsal olunur və yaxud yaranır. Belə demək daha düzgündür. Bazar iqtisadiyyatında iki danılmaz bəla var: biri inflyasiyadır, digəri isə işsizlikdir. Biri ilə mübarizə aparırsan, o birisi baş qaldırır, o birisi ilə mübarizə aparırsan, digəri baş qaldırır. Təbii ki, inflyasiya prosesləri bizdə də mövcuddur. Düzdür, dövlət bunu cilovlayıb müəyyən rəqəmlərdə saxlamaq istəyir. Bu rəqəmlər Azərbaycana uyğun olaraq hardasa 3,5-5,5 faiz illik nominal inflyasiya əndazəsindədir. Buna müvafiq olaraq istər orta maaş, istərsə də digər maaşlar nəzərə alınır. Buna iqtisadi dildə indeksasiya deyirlər. Adətən qısa formada buna indeksasiya deyilir. Yəni insanların alıcılıq qabiliyyəti aşağı düşməsin, maddi rifahları kəskin formada pisləşməsin deyə dövlət bu addımları atır. Adətən bütün dövlətlər bu və ya digər formada bunu tətbiq edirlər. Hətta Amerikanın özündə də bu var. Baxmayaraq ki, dünya iqtisadiyyatının 62 faizi dollarla işləyir, bütün birjalar, beynəlxalq tranzaksiyalar və digər proseslər dollar üzərindən həyata keçirilir.
Bu məsələ Azərbaycan dövləti tərəfindən də nəzərə alınır. Ona görə də maaşlar, orta maaş və gəlirlər nizamlanır. İndi əgər biz inflyasiyanı nəzərə alsaq, gələn il inflyasiyanın azalması gözlənilir. Beynəlxalq banklar və dünya maliyyə institutları proqnoz veriblər ki, 2027-ci ildə artıq Azərbaycanda inflyasiya prosesləri azalacaq. Azalacaq və ola bilər ki, bu göstərici 3,5-4 faiz arasında olsun. Bunlar proqnozlardır və bu, normal inflyasiya hesab olunur”.
İqtisadçı əlavə edib ki, adətən illik inflyasiya 6 faizə qədər olduqda, yenə də nominal inflyasiyadan söhbət gedir:
“Bu, normal iqtisadiyyat üçün normal rəqəm kimi qiymətləndirilə bilər. İnflyasiyanın ümumiyyətlə olmaması mümkün deyil. Hətta deyərdim ki, bəzi ölkələrdə, o cümlədən Azərbaycanda müvəqqəti, mövsümi deflyasiyalar da olur. Bu proseslər də baş verir. Amma pandemiyadan sonra bütün dünya iqtisadiyyatında geriləmə ilə əlaqədar çox çətin mənzərə yaranıb. Yenə deyirəm, bu, dövlətin birbaşa siyasətidir. Dövlətin siyasətidir ki, inflyasiyanı nəzərə alıb, çalışaraq maaşları, orta maaşı və gəlirləri yüksəltsin. Adətən orta maaş qaldırılan kimi digər maaşlara da təsir edir. İndi, səhv etmirəmsə, Azərbaycanda ən aşağı, yəni orta yox, minimal maaş 400 manatdır. Səhv etmirəmsə, bunu yoxlaya bilərsiniz. Artıq bunun üzərində digər maaşlar və qazanclar formalaşır. Qazanc deyəndə daha çox dövlətə aid olan və dövlətin nəzarət etdiyi maliyyə proseslərini nəzərdə tuturam. Təbii ki, minimal maaş qalxan kimi digər maaşlara da təsir edir. O rəqəmi yoxlayarsınız, mən bilən 400 manatdır. Ona görə də bu məsələ dövlətin iqtisadi və maliyyə siyasətinin nəzərindədir və buna müvafiq addımlar atılır. Amma yenə qeyd etmək istəyirəm ki, biz son vaxtlar sahibkarlıq fəaliyyətinə daha çox fikir veririk və bizim üçün önəmli olan bu gün mikro, kiçik və orta sahibkarlıqdır. Onların ümumi daxili məhsulda payını artırmaq istiqamətində addımlar atılır. Müsbət dəyişikliklər var, amma bunun artım tempi bir o qədər də mütəxəssisləri qane etmir. Biz çalışmalıyıq ki, Avropada ümumi daxili məhsulda kiçik və orta sahibkarların payı hardasa 50-55 faizdən başlasın. Məsələn, İspaniyada bu göstərici 70 faizdir. Yaponiyada və Almaniyada isə təxminən 50 faizdən 75 faizə qədər dəyişir. Hətta Almaniyada işləyən insanların 99 faizi kiçik və orta sahibkarlıq subyektlərində çalışır. Belə demək daha düzgündür. Yəni təsəvvür edin ki, cəmi 1 faiz işləyən əhali nəhəng zavod-fabriklərdə çalışır. 99 faiz isə məhz bu fəaliyyətin nəticəsində qazanc əldə edir: maaşdır, gəlirdir və sair. Bu rəqəmlər çox gözəl göstərir ki, bizim əsas məqsədimiz və siyasətimiz kiçik və orta sahibkarlığın hesabına inkişafımızın böyük bir hissəsini təmin etməkdir”.