Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) sədri Təmraz Tağıyev və AŞBMA-nın baş məsləhətçisi Rövşən Məmmədov İllik İnvestisiya Yığıncağı (AIM) Konqresinin 7–9 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 15-ci konfransında iştirak ediblər.
1xeber.media xəbər verir ki, AIM Konqresinin açılış mərasimində Efiopiyanın Prezidenti Taye Atske Selassie, BƏƏ-nin Ras əl-Xaymə Əmirliyinin hökmdarı Şeyx Saud bin Saqr Al Qasimi, BƏƏ-nin Xarici Ticarət naziri Thani Bin Ahmed Al Zeyoudi, Tatarıstan Prezidenti Rustam Nurgaliyeviç Minnikhanov, Monqolustan Baş nazirinin birinci müavini Dorjkhand Togmid, eləcə də bir sıra diplomatik nümayəndələr iştirak ediblər.
Konqresin builki 15-ci konfransı “Qlobal rifahın yenidən formalaşdırılması: dayanıqlı və inklüziv gələcəyə doğru yeni investisiya yollarının açılması” mövzusuna həsr olunub. Tədbirdə 180 ölkədən 15 mindən çox iştirakçı və 1000-ə yaxın məruzəçi iştirak edib.
AŞBMA-nın sədri Təmraz Tağıyev konfransın ilk günündə “Şəhər intellektinin mənimsənilməsi – süni intellekt, mobillik və məlumatların gələcəyin şəhərlərinin idarəetmə sisteminə inteqrasiyası” mövzusunda keçirilən “Gələcəyin şəhər liderləri” panelində iştirak edib.
Təmraz Tağıyev çıxışında Azərbaycanın rəqəmsal transformasiya və ağıllı şəhər konsepsiyasının inkişafı istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən bəhs edib. O, “ASAN xidmət” və “myGov” platformalarının vətəndaşların dövlət xidmətlərinə çıxışını daha əlçatan, şəffaf və səmərəli etdiyini qeyd edib.
Yerli səviyyədə isə “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”, Bələdiyyələrin Vahid İnformasiya Sistemi və “e-bələdiyyə” platformasının bələdiyyələrin rəqəmsal transformasiyasına, dövlət informasiya sistemləri ilə inteqrasiyasına və vətəndaşlarla kommunikasiyanın gücləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.
Həmçinin Bakı şəhərində tətbiq olunan ağıllı nəqliyyat və mobillik həlləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Ağalı “Smart Village” layihəsi, eləcə də Azərbaycanın bərpa olunan enerji və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi layihələr ölkənin gələcəyin ağıllı, dayanıqlı və insan mərkəzli şəhərlərinin qurulması istiqamətində təcrübəsinin nümunələri kimi təqdim olunub.




