Вернуться назад Распечатать

Ürəksiz ana və qolsuz uşaq...

Dünəndən beynimi qurcalayan bir sual var. Görəsən həyatda günahsız bir varlığın əzab çəkməsindən daha kədərli nə var?

Bunu mənə düşündürən isə dünən Bakıda dünyaya gələn bir körpənin taleyi oldu.

Qolları olmadan doğulan körpə... Amma dünyaya gələn kimi yaşadığı ən böyük itkisi təkcə qolları olmadı. Onun ən böyük itkisi doğulduğu ilk saatlarda onu qucaqlayacaq bir ana qucağından məhrum qalması oldu. 

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları olmayan körpə dünyaya gəlib. Doğuşdan sonra ananın övladından rəsmi şəkildə imtina etdiyi bildirilib. Körpənin hazırda Sosial Xidmətlər Agentliyinin nəzarətinə götürüləcəyi və müvafiq uşaq müəssisəsinə yerləşdiriləcəyi açıqlanıb.

Bu xəbər dünən axşamdan sosial şəbəkələrdə dolaşır. İnsanlar yazır, müzakirə edir və yüzlərlə cavabsız suallar verir. Kimsə ananı günahlandırır, kimsə həkimləri sorğu-suala çəkir, kimsə isə “ata hanı?” deyə soruşur.

Amma bütün bu sözlərin, ittihamların, ehtimalların arasında bir nəfər var ki, o hələ bu məsələ ilə bağlı heç nə deyə bilmir. Bir körpə...

Görəsən bir ana necə ana öz uşağından imtina edə bilir?

Hər bir halda bir qadının doğuşdan sonra körpəsindən imtina etməsinin arxasında nə baş verdiyini bilmədən onun haqqında hökm çıxarmaq ədalətli deyil. Heç kimi mühakimə etməyəcəm, amma ananın necə bu qərarı verdiyini beynimdə sorğulamadan keçə bilmirəm.

Bəlkə sarsılıb, bəlkə həyat yoldaşı onu buna məcbur edib, bəlkə maddi imkansızlıq içindədir, bəlkə uşağın ömürlük qayğıya ehtiyacı olacağını düşünərək çarəsiz qalıb, bəlkə də bilmədiyimiz başqa bir hekayə var… Bu siyahının davamında milyonlarla bəlkələr yaza bilərəm.

Amma dünyaya gələn bu uşağın günahsız olması heç bir bəlkələrə sığmır. Nə doğulduğu bədənə görə günahkardır, nə də anasının verdiyi qərara görə. O, sadəcə hər şeydən xəbərsiz dünyaya gələn balaca bir mələkdir. Qolları olmasa da, qarşısında yaşamalı olduğu bir həyatı var.

Məsələnin digər ağrılı tərəfi isə ata faktorudur. Əgər ana öz körpəsindən imtina edirsə, ata nə üçün bu qərara səssiz qalır? Bəlkə də elə ata məcbur edib onu buna.

Digər qaranlıq məqam isə ananın hamiləlik boyunca müayinələrdə olub-olmamasıdır. Ən azında Dopler USM deyilən müayinələr var və adi uzi müayinəsi zamanı görünməyən bir çox problemləri görə bilir. Hər bir həkim hamiləlik ərzində 2 dəfə bu cür USM-də olmağı tələb edir. Necə olur ki, 9 ay ərzində ana və həkimlər bundan xəbərsiz olur?

Əslində məsələni ümumiləşdirib bütün qadınlara, bütün kişilərə, hətta bütöv cəmiyyətə hökm çıxara bilmərəm. Amma bir şeydən əminəm ki, vəziyyət nə olursa, olsun alınan qərar çox yanlışdır. Əgər dünyaya bir övlad gətirmək istəyirsinizsə, zəhmət çəkib böyütməyi də bacarmalısınız. Çünki bu qərarı özünüz qəbul etmisiniz.

Əgər istəmirsinizsə, qoruyucu həblərdən istifadə edin. Hamiləliyi öyrəndiyiniz anda abort qərarı verin. Əmin olun ki, uşağı dünyaya gətirdikdən sonra atmaqdansa, abort etmək daha məqsədəuyğundur… Bir insanı doğulduğu andan necə əzablara məhrum edə bilirsiniz?

İnanın ki, qolsuz doğulması onun üçün bəlkə atılmağı qədər əzablı olmayacaq…

Bütün dünyada tibb və səhiyyə inkişaf edib. Bu dəqiqə protez qollar və ayaqlar demək olar ki, dünyanın hər yerində mövcuddur. İstənilən vaxt bu kimi tibbi müdaxilələrlə həyatınıza davam edə bilərsiniz.

Düzdür, bu mərhələdə maddiyyat da önəmlidir, lakin hər şeyin bir çarəsi var…

O körpənin hazırda ən çox ehtiyacı olan şey bioloji anasının qucağıdır. Ətrafında 100 dənə insan da olsa, heç biri onun anasının əvəzini verə bilməyəcək.

Bir gün o uşaq da böyüyəcək. Yaşadığı hər şeyi dərk edəcək. Bəlkə haqqında yazılanları da oxuyacaq, öz doğulduğu gün başına gələnlərdən xəbər tutmaq istəyəcək…

Onda qarşısına nə çıxacaq? “Anası qolsuz doğulan körpədən imtina etdi” cümləsi?

Aydan Hacı