Sentyabrın 9-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Xanbulan kənd inzibati ərazi dairəsində növbəti səyyar vətəndaş qəbulu keçirib. Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilən görüş, dövlət qurumları ilə xalq arasında birbaşa dialoqun gücləndirilməsi və problemlərin yerində operativ həlli məqsədini daşıyır. Şəhər İcra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının və yerli idarələrin nümayəndələrinin də iştirak etdiyi görüşdə sakinlər müraciətlərini birbaşa və maneəsiz şəkildə icra başçısına çatdırıblar.
1xeber.media xəbər verir ki, ŞİH başçısı kənd təsərrüfatının inkişafına dair qəbul olunan Dövlət Proqramı barədə yerli sakinləri məlumatlandırıb və Lənkəran rayonu üçün ənənəvi olan əkinçilik sahələrinin inkişafının vacibliyini diqqətə çatdırıb. Taleh Qaraşov pay torpaqlarından səmərəli istifadənin kənd yerlərində məşğulluğun artırılmasındakı rolunu vurğulayıb. O, dövlətin əkinçilik və heyvandarlıqla məşğul olanlara verdiyi subsidiyaları, həyata keçirilən layihələri və özünüməşğulluq proqramı çərçivəsində paylanılan mal-qaranın ərzaq təhlükəsizliyinə böyük töhfə verdiyini qeyd edib.
Taleh Qaraşov bütün dövlət məmurlarının xalqın xidmətçisi olduğunu xatırladaraq, qaldırılan hər bir məsələni şəxsi nəzarətinə götürdüyünü, heç bir müraciətin diqqətdən kənar qalmadığını bildirib.
İcra başçısı son zamanlar vətəndaşların dövlət xidmətlərindən rəqəmsal qaydada istifadəsinin genişləndiyini vurğulayıb. O, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq rəqəmsallaşma mərhələsində olduğunu bildirib. Qeyd olunub ki, artıq bütün müraciətlər “mygov” tətbiqi üzərindən daha rahat və əlçatandır.
Səyyar qəbul zamanı qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərin həlli üçün yerində göstərişlər verilib, digər məsələlər üzrə isə aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlərin ünvanlanması tapşırılıb.
Problemlərin həllinə yönəlmiş operativ qərarlardan məmnun qaldıqlarını deyən Xanbulan, Sərinbulaq, Bürcəli, Daştatük, Aşağı Apu və Rəzvan kəndlərinin sakinləri, regionların sosial-iqtisadi inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.




