1xeber.media xəbər verir ki, Sabunçuda doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina edən 1985-ci il təvəllüdlü qadınla bağlı yeni təfərrüatlar açıqlanıb.
TƏBİB-in məlumatına görə, qadın avqustun 27-də saat 00:40 radələrində təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Hamiləliyin 36-cı həftəsində olan pasiyentə doğuşun I dövrü və dölyanı mayenin vaxtından əvvəl axması diaqnozu qoyulub.
Qadına qeysəriyyə əməliyyatı aparılıb. Nəticədə oğlan uşağı dünyaya gəlib. Körpənin boyu 47 santimetr, çəkisi isə 2 kiloqram 600 qram olub. TƏBİB uşağın çoxsaylı inkişaf qüsurları ilə doğulduğunu bildirib.
Zəruri müalicə və müşahidə başa çatdıqdan sonra ana avqustun 30-da yazılı iltizamnamə ilə övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin xəstəxanada olduğu müddətdə ona lazımi tibbi yardım göstərilib və tibbi nəzarət təmin olunub.
TƏBİB-in məlumatına əsasən, körpə sentyabrın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib.